Ümumdünya Piylənmə Gününə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir

Xəbər - Samir Əli – Trend:

Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 4 gün davam edəcək Beynəlxalq Elmi-Praktiki Konfransın məqsədi xüsusilə COVID-19-un cəmiyyətimizə təsir etdiyi bir zamanda piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə bilik və təcrübəmizi paylaşmaq və mübarizə sistemlərini gücləndirməkdir.

Bu il nəinki piylənməsi olan insanlar üçün çətin keçdi, həmçinin bütün dünyaya piylənmənin həmişəkindən daha çox diqqət və anlayış tələb etdiyini göstərdi. Piylənmə ilə COVID-19 arasındakı mürəkkəb və təhlükəli qarşılıqlı əlaqə piylənmənin profilaktikası və müalicəsinə ehtiyac olduğunu bir daha xatırlatdı və hər kəsin – dövlətlərin, səhiyyə işçilərinin, piylənməsi olan insanların və geniş ictimaiyyətin bu işdə böyük rolu olduğunu göstərdi.

Bu səbəbdən, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) 2021-ci il Dünya Piylənmə ilə Mübarizə gününü ölkəmizdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə həyata keçirir.


Onlayn konfrans bu sahədə çalışan müxtəlif ixtisaslı həkimləri – terapevtlər, kardioloqlar, endokrinoloqlar, diyetoloqlar, nutrisioloqlar, artıq çəkidən əziyyət çəkən insanları və təşkilatları bir araya gətirib. Beynəlxalq konfransın fəal iştirakçılarına sertifikat veriləcək. Qeyd edək ki, bu, davamlı tibbi təhsil üzrə Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir.

Konfransda Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və müxtəlif ölkələrin bu sahə üzrə mütəxəssis həkimlərinin məruzələri olacaq.

Teqlər: