Ümumdünya Mətbuat Şuraları Assosiasiyası mina partlayışı nəticəsində həlak olmuş azərbaycanlı jurnalistləri anıb (FOTO)

Bu gün Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının (WAPC) yaranmasının ildönümünə həsr edimiş onlayn konfrans keçirilib. Toplantıda Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlər anılıb.

Mətbuat Şurasından AzerTimes-a bildirilib ki, toplantıda məruzə ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov təşkilatın yaranmasında və inkişafında xidmətləri olanların daim hörmətlə yada salındığını bildirib. Onun təklifi ilə “COVID-19” infensiyasından dünyasını dəyişmiş, eləcə də xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ə.Amaşov koronavirus pandemiyasının jurnalistika qarşısında da çətin sınaqlar açdığını, bunun həm yaradıcılıqda, həm də ayrı-ayrı media təmsilçilərinin səhhətində yaranan problemlərdə əksini tapdığını dilə gətirib. O, WAPC-ın pandemiya şəraitində jurnalistlərin hüquqlarının qorunması ilə bağı üzv ölkələrinin hokumətlərinə müraciətlər ünvanlamasını, yaşı 18-dən yuxarı olan jurnalistlərin vaksinasiyadan keçmələri ilə bağlı təkliflər verməsini mühüm fəaliyyət istiqaməti kimi vurğulayıb.

MŞ sədri bildirib ki, jurnalistlərin istər pandemiya zamanı, istərsə də müxtəlif qaynar bölgələrdə həyatlarını itirmələri onların peşə fəaliyyətlərinin riskli mahiyyətindən irəli gəlir. Ə.Amaşov bu xüsusda diqqəti Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş Azərbaycanın media təmsilçilərinə – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimova və AZTV-nin operatoru Sirac Abışova çəkib. O, WAPC-a üzv təşkilatlara hadisəyə verdikləri obyektiv qiymətə görə təşəkkürünü bildirib.

“Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Kəlbəcərdə mina partlayışı nəticəsində həyatını itirmiş Azərbaycanın media təmsilçiləri ilə bağlı bəyanat yaydı. Hesab edirəm ki, bu bəyanat hadisəyə tam obyektiv qiymətin verilməsinin təzahürü idi. Çünki Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan onu Ermənistanın işğalından azad edib. Bu, müharibə meydanında baş verib. İndi daha bir problemlə üz-üzəyik. Ermənistan illərdir işğal altında saxladığı, beynəlxalq hüquqla Azərbaycana məxsus yerləri minalayıb. Müharibə başa çatdıqdan sonra mina qurbanlarının sayı artır. Təəssüf ki, jurnalistlərimiz də onların sırasındadır. Bu, bir daha onu göstərir ki, minalanmış ərazilər problemi eyni zamanda jurnalistikanın fəaliyyətini də məhdudlaşdırır. Ermənistana beynəlxalq təzyiqlər olmalıdır ki, minalanmış əraizlərin xəritəsini təqdim etsin. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının bəyanatının qayəsində də məhz bu məqam dayandı. Çünki Qarabağda və digər işğaldan azad edilmiş Azərbaycan ərazilərində jurnalistlərin informasiya əldə etmək hüququna təhdid var. Təşkilatımız öz bəyanatı ilə bununla əlaqədar bir növ həyəcan təbili çaldı. Özü də bu təhdid yalnız Azərbaycan jurnalistləri ilə bağlı deyil. Nəzərə alaq ki, ora xaricdən də media nümayəndələri yollanır. Deməli, təhdidin miqyası daha böyükdür. Fürsətdən istifadə edib təşkilatımızın bəyanatına imza atan, Kəlbəcərdə həlak olmuş Azərbaycan jurnalistləri ilə bağlı üzüntülərini paylaşan Türkiyədən, Pakistandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Kosovadan, Hindistandan, Rusiyadan, Keniyadan, Uqandadan, Tanzaniyadan, Şimali Makedoniyadan olan həmkarlarıma təşəkkürümü bildirirəm. Eyni zamanda Beynəlxalq Jurnalistlər Federasiyasının, Avropa Jurnalistlər Federasiyasının rəhbərliyinə də hadisə ilə əlaqədar tutduqları obyektiv mövqeyə görə minnətdaram”, – deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri çıxışında habelə WAPC-ın 32 il əvvələ – 1989-cu ilə təsadüf edən yaranma təşəbbüsündən söz açıb. O bildirib ki, həmin il Malayziyada beynəlxalq mətbuat şuraları və ona bənzər qrumların birinci konfransı keçirilib, məşhur Kuala-Lumpur bəyannaməsi qəbul edilib. Bu bəyannamə media azadlığının bütün dövlətlər üçün prioritet tərəflərini, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsini və söz azadlığının beynəlxalq aspektləri ilə bağlı mühüm məqamları özündə əks etdirirdi. Elə həmin il Kuala-Lumpurda ikinci konfrans keçirildi. Burada qurumu yaratmaq üçün xüsusi komitə formalaşdı. Artıq 1992-ci ildə Nyu-Dehlidə mətbuat şuralarının və ona bənzər qurumların 3-cü konfransı keçirildi və WAPC təsis edildi. Assosiasiya ötən müddətdə mühüm fəaliyyət yolu keçib, medianın özünütənzimləmə orqanlarının ali strukturu kimi populyarlaşıb. Bunu təmin edən cəhət təşkilatın kütləvi informasiya vasitələrinin müstəqilliklərinin qorunmasına böyük önəm verməsidir. Belə dəst-xətt üzv ölkələrdə vətəndaş cəmiyyətinin inkişafına, hüquqi dövlət quruculuğu prosesinin dərinləşməsinə dəstəkdir, müxtəlif siyasi quruluşlara malik ölkələrdə plüralist fikrin inkişafına layiqli töhfədir.

Toplantıda çıxış edən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədri Şule Aker, təşkilatın sədr müavini, Keniya Mətbuat Şurasının sədri David Omvoyo, baş katibi, Nepal Mətbuat Şurasının sədri Kişor Şresta, beynəlxalq koordinator, Hindistan Mətbuat Şurasının sədri C.Nayak, qurumun məsul nümayəndəsi Tamer Atabarut, Türkiyə Mətbuat Şurasının sədri Pınar Turenç və başqaları Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı veriblər. Onlar həmçinin WAPC-ın fəaliyyətindəki ayrı-ayrı məqamlara toxunaraq bildiriblər ki, təşkilatın dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalara daha operativ reaksiya verməsi mütləqdir. Ötən müddətdə mövcud istiqamətdə əldə edilmiş məqsədyönlü təcrübə var. Bu təcrübə media təmsilçilərinin təmsil olunduqları cəmiyyətlərin maraq və mənafelərini jurnalistikanın prinsipləri ilə uyğunlaşdıraraq fəaliyyət göstərmələrinə müstəsna dəstəkdir.

Teqlər: