Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəhbər şəxslərinin və 100-dən çox
işəgötürənin, əməyin mühafizəsi üzrə mütəxəssislərin iştirakı ilə
28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş onlayn
tədbir keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Beynəlxalq
Əmək Təşkilatı (BƏT) tərəfindən 28 aprel tarixinin Ümumdünya Əməyin
Mühafizəsi günü kimi elan edildiyi və bu ilki Əməyin Mühafizəsi
Gününün devizinin “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti
yaratmaq üçün birlikdə hərəkət edək!” kimi müəyyən edildiyi diqqətə
çatdırılıb.
Ölkəmizdə layiqli əməyin təminatı, o cümlədən işçilərin
təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi sahəsində
aparılan dövlət siyasəti, bu sahədə beynəlxalq konvensiyaların
ratifikasiyası istiqamətində görülən işlərdən bəhs olunub. BƏT-in
əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasının (o cümlədən əməyin
mühafizəsi ilə əlaqədar Konvensiyalarının), bir protokolunun
Azərbaycan tərəfindən ratifikasiya edildiyi qeyd edilib.
Tədbir iştirakçılarına əməyin mühafizəsi prinsipləri və şərtləri
barədə ətraflı məlumat verilib. İşçilərin təhlükəsiz və sağlam
şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində
və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə,
sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki
təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika
tədbirləri, normaları və standartları diqqətə çatdırılıb.
İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində işçi
hüquqları barədə məlumat verilib.
Əməyin mühafizəsi üzrə ixtisaslaşan işçilərin sahə üzrə sualları
cavablandırılıb, müvafiq izahlar verilib.