Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycandan Ümrə ziyarətinə getmək üçün bu günə qədər 20 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət edib və hazırda müraciətlərin qəbul edilməsi davam edir.
Bunu AzerTimes-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
V.Cahangiri bildirib ki, bir qrupda gedəcək zəvvarların say məhdudiyyəti 45 nəfərdir, lakin 45 nəfərdən də az olduğu halda qrup Ümrə ziyarətinə yola düşə bilər.
Qeyd edək ki, 2022-ci il yanvarın 13-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən növbəti Ümrə ziyarəti planlaşdırılır. Həmin vaxt Ümrə ziyarəti üçün qiymət təxminən 1440 ABŞ dolları təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər.
Bu qiymətə təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer daxildir.
“Zəvvarlar 3 gün Mədinə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək.
Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər.
Səfər edənlərdən COVID-19 pasportu tələb olunur. Hazırda 2 “Sinovac” + 1 “Pfizer” və ya iki “Pfizer” olan pasport tələb olunur. Hələ ki, iki doza “Sinovac” olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar”, – məlumatda deyilir.