Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir.
AzerTimes bəyanatın mətnini təqdim edir:
“7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkilərdə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı cənab İlham Əliyevi dəstəkləyib.
Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırmış, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışıblar.
Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləmiş, seçkilərin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit etmişlər. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə edib.
Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənib.
Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.
Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində can sağlığı və müvəffəqiyyət arzu edirik”.