Ulyanovskdan Azərbaycana ilk yük qatarı bu ay yola düşəcək

Ulyanovskdan Azərbaycana ilk yük qatarı bu ay yola düşəcək

Sentyabrın sonunda Ulyanovsk (Rusiya Federasiyası) – Bakı (Azərbaycan) – Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı ilk dəfə yola düşəcək.

AzerTimes TASS-a istinadən xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı üzrə qərargahın iclasında bildirib.

Qubernatorun sözlərinə görə, Ulyanovsk-Bakı-Astara yük bloku qatarının ilk heyəti “Orta Volqa-Xəzər-Fars” körfəzi dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək.

Qatar azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir.

Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların – aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye mallarının daşınması üçün nəzərdə tutulub.

A.Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.

“Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq”, – vilayət rəhbəri vurğulayıb.

Xatırladaq ki, qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir yolu qurumların koordinasiyalı işlərinin, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin və digər qurumlarının dəstəyinin nəticəsidir.

Teqlər: