ABŞ Ukraynaya göstərilən yardımın monitorinqini gücləndirmək üçün birbaşa olaraq müharibə zonasına auditorlar və müstəntiqlər göndərə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri “Voll Strit Jurnal”a bildiriblər.
USAİD-in baş müfəttişinin müavini vəzifəsini icra edən Nikol Anqarella hesab edir ki, həqiqətən hərtərəfli və etibarlı nəzarət uzaqdan həyata keçirilə bilməz. Ancaq bununla yanaşı qeyd olunub ki, indiyədək ABŞ-ın yardımı ilə bağlı böyük fırıldaqçılıq və ya qeyri-qanuni fəaliyyətlər barədə heç bir məlumat yoxdur.
Dövlət Departamentinin baş müfəttişinin müavini Diane Şav isə çox qısa müddətdə “bir hökumətə və ya bir hədəfə” çox böyük miqdarda yardımın gəlməsindən narahatdır:
“Bu maliyyəni nəzərdə tutulan məqsəddən yayındıra biləcək hər hansı fırıldaqçılıq, israfçılıq, sui-istifadə bu yardımın davamlı axınını təhlükə altına qoyur”.