İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşun İngiltərə Baş naziri Boris Consonun istefasından sonra Avropadakı yaranacaq geosiyasi vəziyyətlə bağlı AzerTimes-a müsahibəsi:
– Sizcə, Consonun istefasından sonra Avropadakı geopolitik vəziyyət hansı formada inkişaf edəcək?
– Boris Conson nəhayət ki, davamlı şəkildə gələn siyasi qalmaqallardan və müxtəlif məsələlərin düzgün həll edilməməsindən sonra Britaniyanın baş naziri vəzifəsindən istefa verməyə məcbur oldu. Onun bu qədər uzun müddət vəzifədə qalması göstərdiyi böyük səyin nəticəsidir. Breksit böhranını həll etdikdən sonra daxili siyasətdəki çoxlu səhvləri onun siyasi partiyası və hökumətdəki həmkarları arasında etimad məsələsini gündəmə gətirmişdi. Xeyli hökumət nümayəndəsi onunla birlikdə xidmət etməkdən imtina etdi ki, bu da onun lider kimi fəaliyyətinə imkan vermədi.
– Bundan sonra Böyük Britaniyanın yenidən AB-yə qatılma ehtimalı varmı?
– Conson 2019-cu il Britaniya seçkilərində qətiyyətlə qalib gəldi, çünki Britaniya xalqının AB-dən çıxmağın lehinə səs verməsi, Britaniya parlamentinin isə Breksiti əngəlləmə cəhdləri nəticəsində Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qarşıdurmaya son qoymağı bacardı. Conson AB-dən çıxmaq mövqeyindən çıxış edərək seçki təyin etdikdən sonra böyük səs çoxluğu qazanaraq onu parlamentdən keçirdi. İstefası Consonun hökumət daxilində təşviq etdiyi antiavropa elementlərini zəiflətmiş oldu. Şimali İrlandiya ilə bağlı fikir ayrılığının ticarət müharibəsi ilə nəticələnmə ehtimalı da var və bu xüsusda AB ilə razılaşmanın olması gözlənilir. Lakin Britaniya hələ ki Avropadan kənarda qalacaq, Breksitin yaratdığı 2 illik siyasi iflic vəziyyətinə qayıtmağa həvəsli deyil.
– Bildiyimiz kimi, Conson Ukraynada gedən müharibə ilə yaxından maraqlanırdı. Sizcə, onun istefası Rusiya-Ukrayna müharibəsinə necə təsir göstərəcək?
– Conson Ukraynanın ən güclü tərəfdarı və Kiyevdə ən çox bəyənilən lider kimi qeyd olunur. Ukraynaya hərbi yardım edən, Moskvaya qarşı sanksiyaları müdafiə edən və Kiyevə səfər edən ilk Qərb lideri Conson olub. Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasətində böyük dəyişikliklərin olcağını demək düzgün olmazdı. Kiyevə dəstək Britaniya siyasi dairələri və bütün əsas partiyalar arasında 100%-lik göstəriciyə sahibdir. Bununla belə, Kiyevin ən böyük və ən xarizmatik tərəfdarını itirməsi, şübhəsiz ki, dostu Prezident Zelenskiyə zərbədir. Ancaq bunun döyüş meydanında gedən proseslərə təsir etmə ehtimalı çox aşağıdır. Nəzərə almaq lazımdır ki, yalnız Vaşinqton və Moskvanın hərəkətləri burada həlledici rol oynayır. Böyük Britaniya böyük əhəmiyyətli, psixoloji oyunçudur, lakin Ukrayna dövlətinin əsas himayədarı və onun hərbi səylərinin 90 faizini qarşılayan ABŞ-ın köməyi ilə müqayisədə Britaniyanın yardımı sönük görünür. Kiyevə dəstəyi azaldacaq yeganə şey Ukraynanın döyüş meydanında çökməsi və ya Rusiya enerjisinə qarşı sanksiya siyasəti səbəbindən həm Böyük Britaniyanı, həm də Avropanı bürüyən iqtisadi böhranın Britaniya ictimaiyyətini hökumətə qarşı çevirməsi olacaq.