Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş anım tədbiri keçirilib (FOTO)

Aprelin 28-də Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, diaspor rəhbərləri, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, gənclər və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Anım mərasimində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında günlərlə danışmaq olar. Akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım Əliyeva güclü həyat yoldaşı kimi ümummilli lider Heydər Əliyevə həmişə böyük dəstək olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır.

İrpen şəhərinin meri vəzifəsini icra edən Aleksandr Markuşin qeyd edib ki, Zərifə xanım Əliyevanın adını daşıyan park şəhərdə ilk parkdır və Ukrayna vətəndaşların istirahət etdiyi gözəl məkanlardan biridir. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.

Sonra Aleksandr Markuşin İrpen şəhəri ilə əməkdaşlığın inkişafında göstərdikləri xidmətlərə görə səfir Elmira Axundova, səfirliyin müşaviri Vüsal Süleymanov və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, müavin Həzi Aslanov medalla mükafatlandırılıblar.

Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko bildirib ki, bir neçə il əvvəl o vaxt deputat olan indiki səfir Elmira Axundova və digər deputatlar məktəbə rəsmən Zərifə Əliyevanın adının verilməsi ilə bağlı İrpen Şəhər Şurasına müraciət ediblər. Bu müraciətdən bir müddət sonra problem həllini tapıb və 12 saylı orta məktəb rəsmən Zərifə Əliyevanın adını daşıyır.

Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri – Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev çıxış edərək Zərifə Əliyevanın keçdiyi həyat yolundan danışıblar. Qeyd ediblər ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, cənab Prezidentimiz İlham Əliyevin anasıdır. Ulu öndər Heydər Əliyev dövlət işində, Zərifə xanım Əliyeva elm və səhiyyə sahəsində böyük uğurlara imza ataraq məktəb yaratdılar.

Tədbirin sonunda Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova musiqili kompozisiya ilə çıxış ediblər.

Teqlər: