Amerikalıların əksəriyyəti ABŞ hökumətinin Ukraynaya hərbi yardımla bağlı addımlarını dəstəkləyir. Sözsüz ki, əhalinin bunun əleyhinə olan hissəsi də var.
Bu sözləri AzerTimes-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Məhz ABŞ Ukraynaya dünyanın digər ölkələrindən daha çox hərbi yardım göndərib. Bunun səbəbləri var. Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək istəyir və ABŞ Kiyevə müqavimət göstərə bilməsi üçün kömək edir. Bu müharibəni danışıqlarla dayandırmaq mümkün deyil. Müharibə ukraynalıların müharibə etmək istədikləri üçün davam edir. Onlar öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmək istəyirlər”, – deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, Rusiya Çeçenistanda da bunu etmişdi:
“Rusiya öz ərazi bütövlüyünü bərpa etmək üçün döyüşüb. Onlar bunun nə olduğunu bilir. İndi isə Prezident Putinin özü barbar siyasəti yürüdür. Rusiya ilə Ukrayna arasında müharibəni necə dayandırmaq olar? Rusiya Federasiyasının ordusunu məhv etmək üçün rəsmi Kiyevə silah verilməklə! Bu mənim fikrimdir.
Türkiyəyə gəldikdə isə, bu ölkə bu münaqişənin sona çatmasında hamıdan çox maraqlıdır və bunun üçün əlindən gələni edir. Ankara bu məsələdə mühüm rol oynayır. Biz hamımız yaxşı başa düşürük ki, bu müharibənin başa çatması və sülhə nail olmaq üçün Ukrayna Putinin qoşunları tamamilə məhv etməli olacaq”.