Bu gün bir qrup ukraynalı jurnalist işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib.
AzerTimes xəbər verir ki, Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Jurnalistlərə işğal dövründə erməni terroru nəticəsində Füzuli rayonunun 105 min əhalisinin pərən-pərən düşdüyü, digər işğaldan azad olunmuş rayonlar kimi Füzulidə də yararlı bina qalmadığı, ictimai binalar, evlər, zavodlar, fabriklər, məktəblər, uşaq bağçalarının yerlə-yeksan edildiyi, bu vəhşiliklərlə Ermənistanın özünün əsl simasını göstərdiyi haqda ətraflı məlumat verilib.
Səfər çərçivəsində Füzulidə tikilmiş Beynəlxalq Hava Limanı ilə tanış olan jurnalistlər qısa zaman ərzində görülən quruculuq işlərindən heyrətləndiklərini bildiriblər.
Ukraynalı media nümayəndələrinə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, o cümlədən Füzulinin yenidən bərpa olunacağı və bu torpaqlara yenidən həyat qayıdacağı barədə məlumat verilib.