Ukraynadan təxliyə edilən tələbələrin təhsil problemi necə həll olunacaq?

Ukraynadakı müharibə bu ölkədə ali təhsil alan azərbaycanlı
tələbələri təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıtmağa vadar
edib. Tələbələrin təhsillərinin yarımçıq qalmaması üçün hansı həll
variantları mümkündür?

Bu barədə Trend-in suallarını cavablandıran təhsil
eksperti Kamran Əsədov bildirib ki, vəziyyət düzələnədək həmin
tələbələrin distant təhsil alması mümkündür.

“Amma Ukraynada müharibənin nə qədər davam edəcəyi məlum deyil.
Əgər hərbi əməliyyatlar davam edərsə, çıxış yolu tələbələrin
Azərbaycan universitetlərinə köçürülməsi ola bilər. Amma “Ali
təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində,
tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi,
xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə
dair Qaydalar”a görə, akkreditə olunmayan xarici ölkə ali təhsil
müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
Qaydalara görə xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil
alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi də
aparılmır”,- deyə o bildirib.

K.Əsədov qeyd edib ki, qaydalardan məlum olur ki, hazırda Ukraynada
təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına
köçürülməsi mümkün deyil. Çünki, onlar bu ölkədəki ali təhsil
müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul
olunublar.

“Amma yaxşı olar ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi
Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə
ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsini və onların burada
təhsillərini davam etməsini təmin etsin. Nəzərə alsaq ki, Ukraynada
müharibə hələ davam edir və dağıntılar nəticəsində tələbələrin
təhsil sənədləri də məhv olur.

İndidən tələbələrin siyahıya alınması təşkil edilməli və müvafiq
qərarlar qəbul edilib onların köçürülməsi təmin edilməlidir”,- deyə
o bildirib.

Teqlər: