
Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna dair Qazaxıstanın narahatlığını nəzərə alıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Qazaxıstan tərəfinin XBKK-yə hücumla bağlı etirazına cavab olaraq yaydığı bəyanatda qeyd olunub.
“Qeyd edirik ki, Ukrayna tərəfinin heç bir addımı Qazaxıstan Respublikası və ya digər üçüncü tərəflərə qarşı yönəlməyib, – Ukraynanın bütün səyləri genişmiqyaslı Rusiya təcavüzünün dəf edilməsinə istiqamətlənib… Bir daha vurğulayırıq ki, Qara dəniz regionunda və onun hüdudlarından kənarda yeganə destabilizasiya faktoru və təhlükəsizlik çağırışlarının səbəbi Rusiyanın təcavüzüdür”, – bəyanatda bildirilib.
Ukrayna XİN həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri təcavüzçünün hərbi-sənaye potensialını sistemli şəkildə zəiflədir, onu işğalçı müharibə aparmaq imkanlarından məhrum edir:
“Yekunda qazax xalqına dəyişməz hörmətimizi və Qazaxıstan Respublikası ilə dostluq və praqmatik münasibətlərin inkişafına sadiqliyimizi təsdiqləyirik. Bu münasibətlər xalqlarımız arasında tarixi olaraq möhkəm bağların səviyyəsinə uyğundur”.

