Ukraynadan Azərbaycana təxliyə olunan uşaqlar məktəblərə necə yerləşdirilir?

Xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə
qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının
2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və
yerdəyişməsi Qaydaları”nın 4.4-cü bəndinin tələbləri nəzərə
alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata
keçirilir.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən
bildirilib.

Qeyd edilib ki, övladlarının yerdəyişməsini təmin etmək üçün
xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk
növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya
ümumi təhsil müəssisəsinə müraciət etməlidir.

“Yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan
sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir.
Şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş
sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda
isə I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin
siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq
səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış
komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi
müəyyənləşdirilir”, – deyə məlumatda bildirilib.

Teqlər: