Xəbər - Trend:
Ukraynadakı vəziyyət fonunda Avropa liderləri bir-birinin
ardınca Prezident İlham Əliyevə müraciət edir.
Trend-in
məlumatına görə, bu barədə Fransanın CAUSEUR nəşrində dərc olunmuş
“Ukraynada müharibə: Avropada Bakıdan kömək istəyir” adlı məqalədə
deyilir.
Müəllif Ukraynadakı münaqişəni “geosiyasi zəlzələ”
adlandırır.
“Bizim geosiyasi tektonik plitəmizdə bu cür sərt təkanın əsas
cizgiləri bloklarda yeni məntiqin peyda olması, həyati maraqların
oxşarlığının aşkar edilməsi və köhnə rəqabətlərin unudulmasıdır.
Bunun bariz nümunəsi kimi Vaşinqtonla Karakas arasında
sürətləndirilmiş danışıqları göstərmək olar”, – məqalədə
deyilir.
Qeyd olunur ki, daha bir sürətlə dəyişən region Cənubi
Qafqazdır.
“Heç kim üçün sirr deyil ki, son illərdə Fransa ilə Azərbaycan
arasında çox isti münasibətlər olmayıb. Emmanuel Makronun beşillik
prezidentlik dövrünün başlanğıcından bəri, hələ ikinci Qarabağ
müharibəsindən əvvəl Fransa ATƏT Minsk qrupunun həmsədrliyinə
baxmayaraq, İrəvana dəstəyini və rəğbətini getdikcə daha az
gizlədirdi. Makronun 2018-ci ilin oktyabrında İrəvana səfərindən
sonra Bakının rəsmi səfər dəvətləri cavabsız qalırdı. 2020-ci ilin
payızında müharibə vaxtı Parisin sərgilədiyi mövqe fransızların
yanaşmasını azərbaycanlılara açıq-aşkar göstərdi”, – müəllif qeyd
edir.
Məqalədə vurğulanır ki, sonra isə Rusiya Ukraynaya müdaxilə
etdi.
“Və biz birdən xatırlayırıq ki, Azərbaycan çox nadir geostrateji
aktivə malikdir: onun təkcə qazı deyil, həm də birbaşa ixrac üçün
özünün qaz kəmərləri var! Bu üstünlük böyük diqqətə layiqdir.
1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti
seçilərkən öz üzərinə dağılmış, Ermənistanla müharibədə məğlub
olmuş və ərazisinin 20 faizini itirmiş ölkənin rəhbərliyini
götürdü. O, hərbi əməliyyatların dayandırılmasına nail oldu və
bütün diqqəti Azərbaycanın iqtisadi inkişafına, o cümlədən neft
sənayesinin bərpasına və Rusiyanı keçməklə karbohidrogen ixracından
vəsaitlər əldə etməyə yönəltdi”, – məqalədə deyilir.
“Bəzi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin
telefonu dayanmadan zəng çalır. Şarl Mişel, Mario Dragi, NATO baş
katibi və Emmanuel Makron tez-tez zəng edir”, – müəllif əlavə
edir.
Məqalədə vurğulanır ki, Avropa, xüsusilə də Fransa,
Azərbaycandan “post-sovet məkanının zəif halqası olan” Moldovaya
kömək etməyi xahiş edib.
“Bakı Kişinyova gələn qış Rusiya qazından imtina etmək üçün
lazım olanı vəd edib. Bu, çətin əməliyyatdır və hazırda Rusiyadan
Bolqarıstana gedən qaz axınının istiqamətinin dəyişməsini və
dəyərli karbohidrogenlərin cənubdan şimala nəqli imkanlarının
yaradılmasını tələb edir. 2021-ci ilin yanvarından Azərbaycan artıq
Türkiyə, İtaliya, Yunanıstan və Albaniyaya 19,5 milyard kubmetr qaz
tədarük edib və bu həcmi yaxın aylarda 7-8 faiz (1,5 milyon
kubmetr) artırmaq niyyətindədir”, – müəllif yazır.
(Tərcümə: Orxan Nəbiyev)