Ukraynanın dövlət strukturlarındakı son istefalarda hər bir konkert halın səbəbləri və motivasiyası var.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fyodor Venislavski bildirib.
“Məsələn, Ukrayna Prezidenti Ofisinin bəzi məsləhətçiləri bəyanatlar verən zaman, təəssüf ki, bəzən rəsmi hakimiyyətin mövqeyini deyil, öz fikirlərini bildirirdilər. Əgər kimsə hakimiyyətin sözçüsüdürsə, öz təxəyyüllərinin məhsulu olan fikirləri deyil, hər hansı hadisə ilə bağlı rəsmi olaraq təsdiqlənən məlumatları səsləndirməlidir. Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalovun istefasına gəlincə, Ukrayna hakimiyyəti üçün əsas prioritetlərdən biri hərbi qulluqçuların keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir. Çünki hərbi qulluqçular hər gün öz həyatlarını, sağlamlıqlarını riskə atırlar. Odur ki, biz onları ehtiyac duyduqları hər şeylə təmin etməliyik. Qida məhsullarının qiymətinin süni şəkildə artırılmasına gəlincə, əlbəttə ki, bu məsələ ilə bağlı müxtəlif manipulyasiyalar edilib. Bizdə qida məhsullarının kalori səviyyəsi ilə bağlı normativ var. Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə qalib gələn şirkətlər isə bu kalorililik səviyyəsi çərçivəsində hərbi quluqçuların qidalanması məsələsinin təşkili ilə məşğul olur. Yəni Ukrayna Müdafiə Nazirliyi qida məhsulları almır. Buna görə də Müdafiə Nazirliyini qida məhsullarını yüksək qiymətə almaqla bağlı ittiham etmək yumşaq desək, düzgün deyil. Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Ukrayna müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalov Avropasayağı yanaşma nümayiş etdirib. Yəni jurnalistlər Ukrayna cəmiyyəti üçün vacib olan bu həssas məsələni, problemi qaldırdıqdan sonra V.Şapovalov istefa ərizəsi yazıb və onun istefası qəbul edilib. Digər kadr dəyişikliklərinə gəlincə, hər bir konkert istefanın və yeni təyinatın səbəblərini araşdırmaq lazımdır. Ümumiyyətlə, Ukrayna hakimiyyətin nümayəndələrinin buraxdığı səhvlərə maksimum tez bir zamanda reaksiya verməyə çalışırıq. Belə ki, hərbi vəziyyətdə belə səhvlər qəbuledilməzdir…
Birincisi, müharibə ərəfəsində Ukrayna hakimiyyətinin bir çox nümayəndələrinin fəaliyyətinin, effektivliyinin qiymətləndirilməsi barədə kritik məqam olmuşdu. Amma müharibənin başlaması bu məsələdə dəyişikliklərə səbəb olub. Müharibə, xüsusilə hərbi əməliyyatların ilk aylarındakı, həmçinin bir il ərzindəki şəraitdə hakimiyyəti zəiflədə biləcək kadr dəyişikliklərinin həyata keçirilməsi məqsədəuyğun deyildi. Lakin Ukrayna Prezidentinə bizim komanda – Prezident komandası, Ukrayna dövlət başçısını dəstəkləyən parlament komandası hətta müasir Avropa dövlətlərinin son 50-70 ildə üzləşmədiyi bu çətin şəraitdə belə dövlətin qarşısında dayanan funksiya və məqsədləri effektiv şəkildə həyata keçirə biləcəyini nümayiş etdirib. Ukrayna dövləti mövcuddur, daha da güclənib. Bu, ilk növbədə Prezident və onun komandasının səyləri sayəsində baş verib. Amma məmur effektiv fəaliyyət göstərmədikdə, o, daha yaxşı menecerlərlə əvəz olunacaq”, – o, əlavə edib.