Ukraynadakı böhran Yer kürəsinin 1,7 milyard əhalisini yoxsulluqla təhdid edir – Quterreş

Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz
hücumdur” və 1,7 milyard insanı yoxsulluğa sürükləmək təhlükəsi
yaradır.

Trend xəbər
verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Çexiyanın “Seznam Zpravy” onlayn nəşrinə müsahibəsində deyib.

“Ukraynadakı hərbi münaqişə dünyanın inkişaf etməkdə olan
ölkələrinə səssiz hücumun başlanğıcına çevrilib. Böhran 1,7 milyard
insanı və ya bəşəriyyətin beşdə birindən çoxunu son onilliklərdə
görünməyən yoxsulluq və aclığa sürükləyə bilər”, – deyə baş katib
bildirib.

Rusiya və Ukrayna qlobal buğda və arpa istehsalının 30 faizini,
qarğıdalı istehsalının 20 faizini və günəbaxan yağının yarıdan
çoxunu istehsal edir. Bu dövlətlərin dünya bazarına çıxardıqları
kənd təsərrüfatı məhsulları planetin ən yoxsul sakinlərinin əsas
qida mənbəyidir. Afrikanın iqtisadi cəhətdən zəif inkişaf etmiş 45
ölkəsinin idxal etdiyi buğdanın üçdə birindən çoxu Rusiya və
Ukrayna tarlalarında yetişir.

“Rusiya dünyanın ən böyük qaz ixracatçısı və ikinci ən böyük
neft ixracatçısıdır”, – deyə A.Quterreş xatırladıb. Ukraynadakı
hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerji
resurslarının qlobal ixracına mane olur, qiymətlərin kəskin
artmasına gətirib çıxarır ki, bu da sadə vətəndaşlar üçün ən mənfi
nəticələrə çevrilir. Eyni zamanda, baş katibin sözlərinə görə, ilk
növbədə kasıb təbəqə və ən az sosial müdafiə olunanlar əziyyət
çəkir.

BMT-nin humanitar proqramları təhlükə
altındadır

2022-ci ilin əvvəlindən dünya bazarında buğda və qarğıdalının
qiyməti 30 faiz artıb. Eyni zamanda, A.Quterreş qeyd edib ki, son
bir ildə Brent markalı neftin maya dəyəri 60 faiz, qaz və gübrə
qiymətləri isə 2 dəfədən çox artıb. Baş katibin sözlərinə görə,
Ukraynadakı münaqişə BMT-nin Yer kürəsinin aclıqdan əziyyət çəkən
sakinlərinə yardım etmək üçün həyata keçirdiyi humanitar
proqramları təhlükə altında qoyub.

“BMT Yəmən, Çad və Nigerdə <…> humanitar əməliyyatları
davam etdirmək üçün təcili olaraq 8 milyard dollara ehtiyac duyur.
Ərzaqlardan danışarkən mən bütün ölkələri daxili bazarları xarici
tərəfdaşlar üçün açıq saxlamağa, kənd təsərrüfatı məhsulları və
ərzaq ehtiyatlarının həddindən artıq artmasına və ixraca əsassız
məhdudiyyətlərə qarşı mübarizə aparmağa və aclıq riski daha çox
olan ölkələri ərzaq ehtiyatları ilə təmin etməyə çağırıram”, – deyə
A.Quterreş bildirib.

Bərpa olunan enerji və ehtiyacı olanlara maliyyə
yardımı

A.Quterreş BMT-yə üzv dövlətləri bərpa olunan enerji
mənbələrinin inkişafını sürətləndirməyə çağırıb. Bərpa olunan
enerji mənbələri hazırda Ukraynadakı vəziyyətə görə qaz və neft,
eləcə də kömürlə baş verən bazar dalğalanmalarına məruz
qalmırlar.

Hazırkı vəziyyətdə varlı dövlətlər kasıb ölkələrə maliyyə
yardımı göstərməlidirlər ki, bu da baş katibin fikrincə, böhrandan
çıxmaq prosesində Yer kürəsinin sakinləri arasında vəsaitlərin
ədalətli bölüşdürülməsini təmin edəcək. “Ukraynadakı hərbi
münaqişənin və bunun nəticəsində dünyanın ən yoxsul insanlarına
hücumun yeganə həlli sülhdür”, – deyə baş katib əlavə edib.

Teqlər: