Ukraynada tam peyvənd olunan vətəndaşlara 38 dollar veriləcək

Ukraynada koronavirusa qarşı tam peyvənd olunan vətəndaşlara min qrivna (təxminən 38 dollar) veriləcək.

Trend-in məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski ukraynalılara videomüraciətində deyib.

V.Zelenski bildirib: “Yaxın gələcəkdə tətbiq ediləcək alətlərdən biri də karantindən digərlərinə nisbətən daha çox zərər çəkən sahələrə dəstəkdir. Söhbət iqtisadiyyatın yaradıcılıq, idman və nəqliyyat sektorlarından gedir. Hər iki peyvəndi vurduran vətəndaşlar “Diya” tətbiqi vasitəsilə min qrivna əldə edə biləcək”.


Onun sözlərinə görə, proqrama dekabrın 19-u start veriləcək. Proqramda həm artıq tam peyvənd olunmuş, həm də olunacaq şəxslər iştirak edə biləcək.

Qeyd edək ki, əhalisinin sayı təxminən 41,3 milyon nəfər təşkil edən Ukraynada ən azı 1 doza ilə 11,8 milyon vətəndaş, hər iki doza ilə isə 8 milyondan artıq vətəndaş peyvənd olunub.