Ukraynada qanuni oğrular üçün şərait pisləşir

Ukraynada qanuni oğrular üçün şərait pisləşir

Ukrayna Ali Radası iyulun 4-də keçirilən iclasda “qanun oğrular” haqda prezidentin göndərdiyi qanunu birinci oxunuşunda qəbul edib. Sənədi təqdim edən Ukrayna Milli Polisinin rəhbəri İqor Kliminko ölkədə bu sahədə ciddi dəyişikliyə ehtiyac olduğunu bildirib.

Qərar lazım olan sayda deputatlar tərəfindən dəstəklənib. Sənəddə qeyd olunur ki, qanunun məqsədi cinayətkar qruplaşmaların, bu cür qruplaşmanın üzvlərinin fəaliyyətinə xitam verilməsi, “qanuni oğru”ların cinayət məsuliyyətinə cəlb edilməsidir.

Qanuna görə, cinayətkar qruplaşmaların liderlərini əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayətkar təşkilatda iştirak edənlər isə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək azadlıqdan məhrum edilə bilərlər.

Əgər cinayətkar qruplaşmanın fəaliyyətində iştirak edən vəzifəli şəxsdirsə, o, əmlakı müsadirə olunmaqla səkkiz ildən on üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandılıracaq.

Qanunda deyilir ki, cinayət təşkilatı yaradan, idarə edən “qanuni oğru” statusuna sahib olan şəxsi isə əmlakı müsadirə olunmaqla on iki ildən on beş ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, Rusiya ötən ilin ortalarında “qanuni oğrular” haqqında qanunu qəbul edib. Qanunda mütəşəkkil qrupların liderləri və cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulur.

Sənədə görə, bu kimi hallarda həmin şəxslər 8 ildən 15 ilədək azadlıqdan məhrum ediləcək və 5 milyon rubl cərimələnəcək. Qanuna görə, “qanuni oğrular”a şərti cəza və ya qısamüddətli azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Сinayət toplantılarında iştirak edən şəxsləri 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və 1 milyon rubl cərimə gözləyir.

Qanunun qəbulundan sonra bir çox “qanuni oğru” xaricə köçmək məcburiyyətində qalıb. Bəziləri isə ənənəvi olaraq, Ukraynada daldalanmağı seçiblər. Ukrayna Milli Polisinin rəsmisi bir müddət əvvəl verdiyi açıqlamada ölkədə kriminal vəziyyətin ağırlaşdığını təsdiqləyib. Bildirilir ki, hazırda bu ölkədə 15 “qanuni oğru” yaşayır ki, onlardan da 12-sinin hesabında milyonlarla dollar var.

Ukraynada bir çox azərbaycanlı “qanuni oğru”lar həbs edilsələr də, onlar barədə deportasiya qərarı verilib. Yalnız bir nəfər bu ölkədə qətlə yetirilib.

2014-cü il aprelin 7-də Odessadakı “Veçerniy Baku” restoranında 39 yaşlı “Vaxa” ləqəbli “qanuni oğru” Baxış Əliyev güllələnib. “Vaxa” ilə bərabər onun mühafizəçisi də öldürülüb.

Ukraynadakı oğru klanlarına gəlincə, qeyd olunur ki, hazırda iki güclü klan bir-biri ilə ciddi münaqişədədir. Bunlardan biri “Umka” ləqəbli “qanuni oğru”nun başçılıq etdiyi “Dnepr”, ikincisi isə Qərbi və Mərkəzi Ukraynaya nəzarət edən “Nedelya”nın klanıdır.

Ukraynada gürcü və azərbaycanlı “qanuni oğru”ların da mövqeləri vaxtilə güclü olub.

Qeyri-rəsmi məlumatlara görə, azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) mövqeyi də bu ölkədə güclüdür.

Qeyd edək ki, Gürcüstan və Ermənistan da “qanuni oğrular”la bağlı qanunları sərtləşdirib.

Bəs Azərbaycanın belə bir qanun qəbul etməsinə ehtiyac varmı?

Hüquq-mühafizə orqanlarının bu mövzuda açıqlamalarında bildirilir ki, ölkəmizdə “qanuni oğru”ların fəaliyyəti üçün real şərait yoxdur.