Ukraynada istifadə olunan İran PUA-larının xüsusiyyətləri

Ukraynada istifadə olunan İran PUA-larının xüsusiyyətləri

Son günlərdə Rusiyanın İran istehsalı olan dronlar vasitəsilə Ukraynanın paytaxtı Kiyev başda olmaqla müxtəlif şəhərlərində həyata keçirdiyi hücumlar Tehranın bu sahədə fəaliyyətini və sözügedən dronların xüsusiyyətlərini gündəmə gətirib.

AzerTimes xəbər verir ki, bununla bağlı “Avronyus” xəbər agentliyinin türkcə bölməsində “İranın kamikadze dronları. Ukraynada istifadə olunan İran istehsalı silahlı PUA-lar nə qədər təsirlidir?” adlı məqalə yayımlanıb.

Həmin məqaləni təqdim edirik:

“Rusiyanın Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi hava hücumlarında İran istehsalı silahlı PUA-ları istifadə etməsi iki məsələni gündəmə gətirdi. Bunlardan birincisi, Rusiyanın yerli PUA-ların istehsalında yaşadığı problemlər, digəri isə Tehranın bu sahədə artan fəaliyyətidir. Ağ Evdən verilən açıqlamalara görə, İran bu yay yüzlərlə silahsız və silahlı PUA-ları Rusiyaya göndərib və bunlar rus ordusu tərəfindən müntəzəm şəkildə istifadə olunur. Bəs Rusiya İran istehsalı olan hansı dronları istifadə edir, xüsusiyyətləri nədir və nə qədər təsirlidirlər?

Silahlı PUA modelləri və istifadə məqsədləri

Bugünədək Rusiyanın Ukraynada fərqli məqsədlərə xidmət edən iki cür İran istehsalı olan drondan istifadə etdiyi təsbit olunub. Parisdə yerləşən “Sirice” Araşdırma Mərkəzinin üzvü Pyer Qraser “Şahid-136”ların görüntü olaraq böyük, lakin istehsalı az vəsait tələb edən kamikadze dronlar olduğunu bildirib. Bu dronlar hədəfə uçuşa qalxmadan öncə sistemə daxil edilən GPS koordinatları vasitəsilə çatır. Havaya qalxdıqdan sonra avtomatik pilotla uçan dron alçaq məsafədə irəliləyərək bir neçə yüz kilometr uzaqlıqdakı sabit hədəfləri vura bilir. Rusiyanın Ukraynada ən çox istifadə etdiyi modellər bunlardır. ABŞ-ın Vest Point Hərbi Akademiyasının professoru Vikram Mittal isə “Mühacir-6” silahlı PUA-larının “Bayraqdar TB-2” ilə eyni böyüklükdə və bənzər xüsusiyyətlərə malik olduğunu bildirib. Fransa Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Cin Kristof Noel isə Rusiyanın “Mühacir-6”dan orta hündürlükdə uzun mənzilli “Bayraqdar TB-2”-yə cavab kimi istifadə etdiyini vurğulayıb.

Nə qədər təsirlidirlər?

Noelin sözlərinə görə, bəhs olunan İran dronları xüsusi mühafizə sistemləri və cavab imkanlı təkmilləşdirilmiş silahlı PUA-lara və ya qanadlı raket kimi istənilən hədəfə qarşı effektivdir. Vikram Mittal isə bildirib ki, ukraynalılar bunları ələ keçirdikdən, xüsusiyyətlərini təsbit etdikdən və qarşı sistemləri təkmilləşdirdikdən sonra təsirləri qalmayacaq. Bu sistemlər təkmilləşdirilənədək Ukrayna ordusu İran dronlarına qarşı gündüzlər çiyindən atılan zenit silahlardan, gecələri isə radarlı vasitələrlə mübarizə aparmağa çalışacaq.

Müttəxəssislərə görə, “Şahid-136”lara qarşı istifadə olunacaq digər bir müdafiə sistemi isə GPS siqnalının qarışdırılması yolu ilə hədəfə çatmağı əngəlləmək ola bilər. GPS olmadan bu dronların hədəfinə çatması mümkün deyil.

Ukrayna son həftələrdə İranın onlarla kamikadze dronlarını vurduğunu iddia edib. Pyer Qraserə görə, İran dronlarından istifadə Rusiya üçün iqtisadi baxımdan sərfəli həll yoludur. Beləcə onlar hər biri 1,5 – 2 milyon dollar qiymətində olan qanadlı raketlərdən istifadə etmirlər. Bu dronların ən böyük mənfi tərəfi isə sadəcə sabit hədəflərə kilidlənə bilməsidir. Hərəkət halında ordu birləşmələri üzərində təsiri çox az olduğu üçün cəbhədə balansı dəyişdirə biləcək silah kimi görünmür.

İran PUA-ları Rusiya sənayesinin uğursuzluğunun sübutudurmu?

Bəs dünyanın ən böyük müdafiə sənayesi məhsullarının istehsalçılarından olan Rusiya niyə İrandan silahlı PUA alır?

Pyer Qraser bu məsələdə Rusiyanın müdafiə sənayesi infrastrukturuna diqqəti çəkib. Qraser “Orlan-10” müşahidə dronlarını istehsal edən STC ( Sankt Peterburq Xüsusi Texnologiya Mərkəzi) üç növbəli iş sisteminə keçdiklərini elan etdiklərini, lakin mütəxəssis qruplarını qura bilmədiklərini deyib. O, cəbhədəki kimi Rusiyanın əsl probleminin insan resursu olduğunu qeyd edib.

Bunlarla yanaşı Rusiya strateji baxımdan da inventarını “Şahid-136” kimi uzunmənzilli dronlar yerinə, ən çoxu 40 kilometr mənzilli modellərə görə təşkil edib. Qraser “Mühacir-6” kimi uzunmənzilli silahlı PUA-ların İrandan alınması ilə rus müdafiə sənayesinin öz uğursuzluğunu qəbul etdiyini bildirib. Çünki normalda Rusiyanın invertarında bu sinifə aid dronlar olmalı idi. Həmin dronların alınması isə yetəri qədər istehsal güclərinin olmadığını göstərir. Professor Vikram Mittal COVİD-19 pandemiyasından sonra Qərbin tətbiq etdiyi sanksiyaların tədarük sıxıntısı yaratdığını bildirib. Kristof Noel Rusiyanın artıq Qərbdə istehsal olunan detalları əldə edə bilmədiyi üçün silsilə istehsalda problemlərin ortaya çıxdığını vurğulayıb.

İran Ankaranın rəqibi olur?

Mittal aşağı büdcəli silahlı və silahsız PUA bazarında Türkiyə və İran arasında açıq bir yarışın olduğunu qeyd edib. Bazarın yuxarı seqmentinin ABŞ və İsrailin nəzarətində olduğunu vurğulayan aviasiya və dron mütəxəssisi Mariana Renöyə görə, Türkiyə PUA-ları nisbətən aşağı seqmentdə olsa da, dəqiqliyinə görə İran PUA-larından daha etibarlıdır”.

Teqlər: