Ukrayna Silahlı Qüvvələrinin Xersonda rusların birinci müdafiə xəttini yarması Kiyev üçün çox önəmli bir hadisədir. Ancaq bu, Rusiya və regional proseslər baxımından yeni, daha təhlükəli mərhələnin başlamasına səbəb ola bilər.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib. Alimin fikrinə görə, tərəflərin döyüşlərdəki mövqeləri əvvəl-axır qurulacaq müzakirə masasına birbaşa təsirini göstərəcək:
“Döyüşlərin nəticələrinin sözügedən istiqamətdə inkişafı Rusiyanı daha da narahat edəcək. Belə vəziyyət isə Kremli daha fərqli qüvvələrdən və bəşəriyyət üçün təhlükə yarada biləcək silahlardan istifadəyə sövq edə bilər. Çünki Rusiya məğlub olsa, daha ağır siyasi, sosial və iqtisadi nəticələrlə üzləşəcək. Əlbəttə, Ukraynanın qazandığı son uğurda Qərbin göndərdiyi silahların və orada vuruşan xarici legionun rolu böyükdür. Bundan sonra Rusiya da daha ağır silahlardan və muzdlulardan istifadəni artıra bilər. Məsələ ilə bağlı artıq Çin və Şimali Koreya ilə danışıqlar da gedir. Ukraynanın işğal altında olan torpaqlarını qurtarması üçün hücumdan başqa yolu yoxdur. Ən önəmli olan isə sülhün vəziyyət gərginləşmədən əldə edilməsi idi. Döyüşlər yenidən şiddətləndikdən sonra tərəflər müzakirə masasından daha da uzaqlaşdı. Növbəti mərhələdə müharibə meydanında tərəflərin qazandıqları və itirdikləri müzakirə masasına birbaşa öz təsirini göstərəcək”.