Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var.
AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
Qeyd edilib ki, AB son ana qədər Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan çəkinirdi. Ancaq Brüssel siyasətini dəyişdirib:
“Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəf alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. AB məmurlarından biri “Quardian” qəzetinə verdiyi açıqlamada Kremlin AB-nin iqtisadi və ticarət sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib. Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ilə ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var”.
Təhlildə vurğulanıb ki, ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyib:
“AB Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Misal üçün ötən ilin dekabrında Çin lideri Si Szinpinlə görüşən AB Şurası rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərini Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmaqa məcbur qalıb.
Pekin Brüsselin qərarını sərt tənqid edib. Pekin AB-nin Çin şirkətlərinə qarşı sanksiyalarını beynəlxalq hüquqa zidd adlandırıb. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, şirkətlərinin maraqlarını qoruyacağını açıqlayıb. Buna baxmayaraq, Çinin eyni ilə Avropa şirkətlərinə qarşı adekvat addlmlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüssellə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-i ildə Çinlə AB arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu, Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”.