Ukraynanın əks-hücumunu təsvir etmək üçün tarixi paralellərə ehtiyac var. Tarixi paralel üçün ABŞ-ın İraqda “Səhrada tufan” (17 yanvar 1991-28 fevral 1991) əməliyyatı tam uyğundur.
Əməliyyatın ilk günündə ABŞ və müttəfiqlər İraqın komanda idarəetmə məntəqələrinə kütləvi zərbələr endirdilər, o cümlədən paytaxt Bağdadda 50-yə yaxın obyekt hədəfə alındı. Zərbələr elektrik şəbəkəyə, HHM sistemlərinə, telekomunikasiyaya, aerodromlara, neft anbarlarına, dəmir yollarına, körpülərə və s. endirilmişdi.
İraqın sabiq lideri Səddam Hüseyn başa düşürdü ki, koalisiyanı məğlub edə bilməyəcək və yeganə çıxış yolu koalisiyanı parçalamaqdır. Bu məqsədlə İraq İsraili və Ərəbistanı “Skad” balistik raketlərlə hədəfə almışdı. Həmin zaman tarixdə ilk dəfə olaraq döyüş şəraitində “Patriot” sistemlərindən istifadə edildi. 17 yanvarda (əməliyyatın ilk günündə) Ərəbistan səmasında “Patriot” vasitəsilə ilk “Skad” raketi zərərsizləşdirildi. 2 gündən sonra isə Corc Buş (ata) İsrailə 2 batareya “Patriot” göndərdi.
100 saatlıq hücum
ABŞ və müttəfiqlərin quru qoşunlarının 100 saatlıq hərbi əməliyyatı nəticəsində İraq ordusu darmadağın edildi və bu əməliyyat zamanı əsas rolu məhz tank briqadaları oynadı. 100 saat ərzində ABŞ və müttəfiqləri 400 kilometr irəlilədi, İraqın 4000-ə yaxın tankı, 1450 zirehli texnikası, 3000-ə yaxın artilleriya qurğusu məhv edildi, 86000 iraqlı əsgər əsir götürüldü.
“Səhrada tufan”ın və Ukraynanın gözlənilən əks-hücumunu oxşadan hansı məqamlardır?
Rusiya da İraq kimi gücləndirilmiş müdafiə xətləri qurur: “Səhrada tufan” zamanı ABŞ tankları İraqın müdafiə xəttini asanlıqla qırmışdı və hal-hazırda ABŞ və müttəfiqləri Ukrayndan həmin nəticəni gözləyirlər.
Bu, önəmli faktordur, məhz buna görə də Ukrayna ordusunun əks-hücum üçün seçdiyi əsas istiqamətə Qərb istehsallı tanklardan ibarət briqadaların yeridilməsi nəzərə tutulur. Başqa sözlərlə Rusiyanın quruda müdafiə xəttini məhz Qərbin tankları qıracaq.
“Əks-hücum nə zaman başlayacaq” sualı və “əks-hücum artıq başlayıb” bəyanatlarını hər gün dəfələrlə fərqli siyasətçilərdən, rəsmilərdən eşidirik. Ziddiyyət nədən ibarətdir? Məsələ ondadır ki, “əks-hücum” terminini necə başa düşürlər, necə başa düşürük? Əslində əks-hücüm artıq başlayıb və bir neçə istiqamətdə gərgin hərbi əməliyyatlar aparılır, gələcək blitskriq (ildırımsürətli hücum) üçün platsdarmlar, əlverişli mövqelər hazırlanır. Amma buna baxmayaraq, hər kəs “Səhrada tufan” əməliyyatında olduğu kimi, ilk 100 saatlıq hücumu (blitskriq) gözləyir və məhz 100 saatlıq hücumun analoqu olacaq blitskriqi “əks-hücum” kimi qiymətləndirəcək.