İranın Rusiyaya sata biləcəyi “Fateh-110” və “Zülfüqar” raketləri qeyri-dəqiqdir. Onların istifadəsi mülki infrastrukturun dəhşətli dağılmasına və insan tələfatına səbəb olacaq.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
Svitanın fikrincə, İran raketlərinin alınması qeyri-mümkündür, çünki yarım tona qədər döyüş başlığı olan nəhəng silah qeyri-dəqiqliyə görə elan edilmiş məsafədə tapşırığı yerinə yetirə bilmir:
“İran raketləri qeyri-dəqiqdir. Lakin qeyri-dəqiq zərbə daha dəhşətli nəticələrə gətirib çıxara, yaşayış binalarını dağıda bilər. Bunun qarşısını almaq üçün bir neçə həftəmiz var”.
Eyni zamanda o, İran raketlərinin ballistik trayektoriya ilə uçduğuna və bu səbəbdən onların vurulmasının çətinliyinə diqqət çəkib:
“Onlar yüksək hündürlükdə uçurlar, sürətlənirlər və sonra yuxarıdan hədəfə doğru dalırlar. Lokatorlar bəzi mövqelərdə bunu görmürlər. Ballistik raketi vurmaq çox çətindir. Bundan başqa, İran raketlərinin sürəti yüksəkdir, yaxınlaşma vaxtı qısadır. Onların maksimum sürətinin saatda 3 min kilometr olduğu barədə məlumatlar var. Bir neçə dəqiqəyə 300 kilometr qət edir. Müqayisə üçün qeyd edək ki, qanadlı raketlər saatda 850-900 kilometr sürətlə uçur”.