Ukrayna ümid edir ki, Gürcüstan Ukraynaya silah və hərbi texnika ilə yardım edən, eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulan tərəfdaşlar sırasına qatılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili ilə görüşündə bildirib.
Perebiynis rəsmi Tiflisin öz mövqeyinə yenidən baxacağına, Ukraynaya silah və hərbi texnika ilə yardım edən tərəfdaşlar dairəsinə qoşulacağına və Gürcüstanın AB-nin təcavüzkar dövlətə qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulacağına ümid etdiyini bildirib.
Perebiynis Gürcüstan və Rusiya arasında birbaşa uçuşların mümkün bərpasından narahatlığını ifadə edib.
Öz növbəsində gürcü diplomat əmin edib ki, Gürcüstan Rusiyaya uçuşları bərpa etmək niyyətində deyil.
Qeyd edək ki, Tiflisin Rusiya ilə hava əlaqəsini bərpa etməsi barədə məlumat yayıldıqdan sonra Ukraynanın bu ölkədəki səfiri ukraynalıların təxliyə edilə biləcəyini açıqlamışdı. Onun fikrincə, rusların Gürcüstana kütləvi gəlişi buradakı ukraynalılar üçün təhlükə yarada bilər.