Ukrayna telekanalında 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən danışılıb (FOTO)

Azərbaycanın hərbi potensialının güclənməsi, Ordumuzun peşəkarlığının artırılması, xalqın Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında “Dəmir yumruq” kimi birləşməsi 44 günlük Vətən müharibəsində qələbəmizin əsas səbəblərindən biri idi.

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin “Pryamoy” telekanalında “Həftənin anatomiyası” verilişinə müsahibəsində deyib.

Səfir vurğulayıb ki, Ermənistan silahlı qüvvələri cəbhədən uzaq şəhərlərimizi raket atəşinə tutmasına və mülki şəxslərimizin həlak olmasına baxmayaraq, Azərbaycan xalqı qorxmadı, əksinə Ali Baş Komandan ətrafında birləşərək ancaq irəli getməyi istədi. Azərbaycan xalqı vahid şəkildə yalnız torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi, ona görə də çoxlu sayda könüllülər cəbhəyə yollanmaq üçün müraciət edirdilər, ölümdən qorxmurdular.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa müddət ərzində böyük yenidənqurma və bərpa işlərinin aparıldığını qeyd edən Elmira Axundova bildirib ki, həmin ərazilərdə, demək olar ki, bütün tikililər məhv edilmişdi. Həmin ərazilərdə olan 67 məsciddən 65-i tam dağıdılmışdı. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı açılıb, magistral yollar çəkilib, məktəblərin, yolların, kənd və qəsəbələrin salınması işləri uğurla davam etdirilir.


Səfir qeyd edib ki, artıq Dağlıq Qarabağ problemi mövzusu keçmişdə qalıb, bu gün Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirir. Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlıdır.

Veriliş zamanı səfir, həmçinin Azərbaycanın iqtisadi uğurları, Azərbaycan-Ukrayna münasibətlərinə dair ətraflı məlumat verib.

Teqlər: