Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ukraynanın nüfuzlu “Ukrayna 24” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan Ağdam və Füzuli rayonlarından xüsusi reportaj yayımlayıb.

AzerTimes-ın məlumatına görə, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın diversiya qrupunun törətdiyi cinayətləri, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin qaytarılması qrafiki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması barədə sitatları yer alıb.

Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini təqdim edərək tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv edildiyini göstərir. Həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nəyin qalmadığını qeyd edir. Reportajda Ağdamdan olan məcburi köçkünlərin ermənilərin törətdiyi vəhşiliklər barədə fikirləri də yer alıb.

Reportajda, həmçinin ərazilərin minalardan necə təmizlənməsi barədə görüntülər də yer alıb. Bundan başqa Füzuli rayonunda beynəlxalq hava limanının inşası barədə məlumat verən ukraynalı jurnalist azərbaycanın işğaldan azad olunan ərazilərində 3 aeroportun inşa ediləcəyini vurğulayıb. Şuşa və Laçına yeni magistral yolun çəkilişləri barədə məlumat verib.

Teqlər: