Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna sərhədinə yerləşdirilməsini istəyə bilər.
AzerTimes xəbər verir ki, bunu Şimali koreyalı ekspert Sonq Yun Li “Skay Nyus”a açıqlamasında deyib.
“Putin Şimali Koreyadan döyüş sursatı, tank əleyhinə artilleriya mərmiləri və ola bilsin işçi qüvvəsi, yəni Rusiya ilə Ukrayna arasındakı sərhəd bölgəsində yerləşdiriləcək Şimali Koreya əsgərlərini istəyir”, – Li bildirib.
O iddiasını belə əsaslandırıb:
“Xaricdə işləyən bütün işçiləri məcburi şəkildə Şimali Koreyaya geri göndərməyə çağıran BMT təhlükəsizlik qətnaməsinə (2017-ci il) baxmayaraq, minlərlə Şimali koreyalı işçi hələ də Rusiyadadır. İndi Rusiyanın bu müharibədə verdiyi ağır itkiləri və qurbanları nəzərə alsaq, daha çox canlı qüvvəyə ehtiyacı var”.
O vurğulayıb ki, Şimali Koreya lideri nə insan həyatına hörmət edir, nə də öz xalqının həyatına.
Onun sözlərinə görə, Putin və Kim Çen İn arasında danışıqların utilitar, praqmatik aspekti var.
Ekspert qeyd edib ki, Kim Çen Rusiyadan daha qabaqcıl hərbi texnologiyalar almağa çalışır.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn ötən gün zirehli qatarla Rusiyaya daxil olub.