Ukrayna Silahlı Qüvvələri artıq Rusiya ordusunu müharibənin əvvəlində ələ keçirdiyi ərazilərin bir hissəsini tərk etməyə məcbur edib. Amma kütləvi əks-hücum edə bilmirik. Çünki buna gücümüz yetmir.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
O bildirib ki, bu gün Xarkovdan Xersona qədər uzunluğu min kilometrdən çox olan cəbhə formalaşıb:
“Müharibədən əvvəl kifayət qədər ehtiyat toplamırdıq, bu gün isə ehtiyatlarımız tükənib. Biz ancaq Qərb dövlətlərinin köməyi ilə vuruşuruq. Qərb ölkələri də bizə hərbi yardım verməyə tələsmir. Görürük ki, texnika və silahları nə qədər yavaş və nə qədər kiçik həcmdə alırıq.
Bütün bunlara baxmayaraq, baş komandanımız general Zalujnının dediyi kimi, bu gün Ukrayna Silahlı Qüvvələri müdafiə əməliyyatları apara bilir. Rusiya ordusu bu gün praktiki olaraq hücum etmək iqtidarında deyil”.
Jdanov Britaniya kəşfiyyatının iyul ayında rus ordusunun Baxmut istiqamətindən cəmi 10 km, Pesok və Avdeyevka bölgələrindən isə 3 km irəlilədiyi məlumatını xatırladaraq, bunu Ukraynanın böyük qələbəsi adlandırıb:
“Bəli, biz dövlətimizə məxsus şəhərlərin geri qaytarılmasını və Rusiyanın işğalçı qoşunlarının ərazimizdən çıxarılmasını istəyirik. Amma təəssüf ki, Rusiya çox böyük ölkədir və onların çoxlu texnika və silahı var”.