Ukrayna Rusiya ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyil – Zelenskinin mətbuat katibi

Ukrayna hakimiyyətinin bir sıra nümayəndələrinin bəyanatlarına
baxmayaraq, Ukrayna hələlik danışıqlar prosesindən çıxmaq
niyyətində deyil.

Trend xəbər verir ki, bunu “Strana.ua” saytına açıqlamasında
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Bununla belə, Nikiforov təsdiqləyib ki, Ukrayna və Rusiya
arasında danışıqlar prosesinə hazırda fasilə verilib.

“İstanbulda olan təmas qrupları əlaqədədirlər. Onlar istənilən
vaxt danışıqların növbəti raundunu təşkil edə bilərlər. Başqa bir
şey odur ki, danışıqlar aparmaq səlahiyyətinə malik olduqları bütün
məsələlərdə onlar artıq razılığa gəliblər. İndi ən mürəkkəb və
fundamental qərarlar qalır – Ukraynanın təhlükəsizliyinin və ərazi
bütövlüyünün təminatları. Bu məsələlərdə isə yalnız prezidentlər
razılaşa bilər”, – deyə S.Nikiforov bildirib.

Eyni zamanda, Ukrayna tərəfi prezidentlər səviyyəsində görüşdən
imtina etmir. “Ukrayna prezidenti hər dəfə təkrar edir ki, Rusiya
prezidenti ilə görüşməyə və danışıqlara hazırdır. Biz Rusiya
tərəfinin buna hazır olduğunu görümürük”, – deyə Ukrayna
prezidentinin mətbuat katibi əlavə edib.