Ukrayna Rusiya ərazisinə hücum etdi: nə baş verir?

Ukrayna Rusiya ərazisinə hücum etdi: nə baş verir?

Bryansk vilayətinin mərkəzi olan Bryansk şəhəri Rusiyanın Avropadakı hissəsinin qərbində və Ukraynadan 100 km məsafədə yerləşir, Moskva ilə arasındakı məsafə isə təxminən 380 km-dir. Vilayət həm də Belarus ilə sərhədə yaxındır. Bryansk daha çox maşınqayırma və metal emalı sənayesi, eyni zamanda dəmir yolu xətlərinin və vaqonların istehsalı ilə tanınıb. Ukraynanın vilayətdə Rusiya ordusunu zəiflətmək, hansısa sənaye obyektini hədəf alması mümkündür. Bryanskla bağlı məlumat Rusiya tərəfindən də təsdiqlənib. Baş verənlər qarşıdakı günlərdə müharibənin daha gərgin fazaya daxil olacağından xəbər verir.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Gökçə qarşıdakı günlərdə Ukraynanın işğal edilmiş ərazilərdə, xüsusilə Donbasda hərbi fəaliyyətini artıracağını vurğulayıb:

“Zelenskinin ABŞ-a, Baydenin isə Ukraynaya son səfərləri zamanı Vaşinqtonun Kiyevə silah-sursat, hərbi texnika yardımı paketlərini açıqlaması müharibənin daha da uzanacağını göstərir. Yəni ABŞ müharibənin bitməsini və həmçinin də Ukraynanın qələbə qazanmasını istəmir. Əgər Ukraynanın qalib gəlməyini istəsəydi, daha çox silah və hərbi texnika göndərərdi. Amma məqsəd Rusiyanı zəiflətməkdir, ona görə də sözügedən yardım hissə-hissə göndərilir.

Bryanskla bağlı xəbərlər artıq qurulan planın öz meyvələrini verməyə başladığını göstərir. Biz ötən ilin dekabr ayından etibarən tərəflərin yaz fəslində yeni hücum həmlələrini gözləyirdik. Çünki bunun üçün ciddi hazırlıq görülürdü. Fikrimcə, yaxın zamanda biz ağır döyüşlərin şahidi olacağıq. Toqquşmaların Rusiya ərazisinə keçəcəyini və genişmiqyaslı şəkildə yayılacağını düşünmürəm. Çünki Ukraynanın Rusiya torpaqlarında müharibə aparmaq üçün kifayət qədər gücü yoxdur. Ancaq Ukraynanın işğal altındakı ərazilərində, xüsusilə Donbasda hərbi fəaliyyətinin artacağını gözləmək mümkündür. Çünki Ukraynanın məqsədi işğal altındakı torpaqlarını azad etməkdir. Lakin əgər Belarusdan Ukraynaya hücum olsa, ölkə tərəflər arasında döyüş meydanına çevriləcək”.

Qeyd edək ki, ötən gün ukraynalı diversantlar Bryansk ərazisinə hücum etmişdi.

Teqlər: