Ukraynanın hücumu ərəfəsində Rusiya ordusu tərəfindən inşa edilmiş İkinci Dünya müharibəsindən bəri ən böyük istehkamlar Zaporojye vilayətində cəbhənin kritik sektorunda yarılıb. Ukrayna ordusu Verbovoye qəsəbəsində Surovikin xəttini keçib.
AzerTimes xəbər verir ki, bunu “Bild” nəşrinin hərbi müxbiri Yulian Röpke peyk görüntülərinə əsasən yazıb.
“Ötən ilin dekabrına kimi Ukraynadakı qruplaşmaya rəhbərlik edən, “Vaqner” qiyamından sonra isə həbs olunan və bütün vəzifələri əlindən alınan general Surovikin şərəfinə adlandırılan müdafiə xətləri tankları saxlamaq üçün inşa edilmiş 3 sıra beton piramidalar – “əjdaha dişləri”ndən ibarət olmalı idi. Lakin bu dişlər yalnız bir gün Ukrayna ordusunu əsas zərbə yolunda saxlaya bildi”, – Röpke bildirib.
Ukrayna Baş Qərargahı da bu gün Novodanilovka – Novoprokopovka və Malaya Tokmaçka – Verbovoye istiqamətlərindəki uğuru təsdiqləyib və qoşunların əldə edilmiş xətlərə yerləşdirildiyini bildirib.
“Forbes” nəşri də yazıb ki, Zaporojyedəki müdafiəni yarmaq və Krıma quru yolunu kəsərək Melitopol istiqamətində irəliləmək üçün Ukrayna hərbi komandanlığı döyüşə sonuncu ehtiyat birləşmələri göndərib. Ukrayna ordusunun Britaniyanın “Çallencer” tankları, həmçinin “Marder” və “Striker” piyada döyüş maşınları ilə təchiz edilmiş iki min nəfərlik 82-ci Desant Hücum Briqadası avqustun ortalarında Rabotino rayonuna göndərilib.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnsttitutunun analitikləri də bildiriblər ki, Ukrayna Rusiya hərbçilərinin möhkəmləndirilmiş ərazilərindən birinin yerləşdiyi Urojaynoyeni geri almağa nail olub.
Analitiklər onu da qeyd ediblər ki, Rusiyanın Zaporojyedəki ikinci müdafiə xətti birincidən nəzərəçarpacaq dərəcədə zəifdir.