Artilleriya müharibəsində Ukrayna Silahlı Qüvvələrinin aşkar üstünlüyü var. Ukraynalı hərbçilər Rusiyanın iriçaplı topları və reaktiv yaylım atəş sistemlərinin (RYAS) ovuna çıxıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Nyusvik” nəşri məlumat yayıb.
“Rusiya Ukraynada çox ağır artilleriya itkiləri verir. Bu da onun ordusunu tükəndirir. Kiyevin Rusiya texnikasının itkiləri ilə bağlı elan etdiyi məlumatlar Ukrayna artilleriyası və dronlarının rusların iriçaplı topları və reaktiv yaylım atəş sistemlərini uğurla ovladlığını nümayiş etdirir. 2023-cü ilin sentyabr-noyabr aylarında Ukrayna 2272 artilleriya qurğusu və daha 167 RYAS məhv edib. 2022-ci ilin analoji dövrü üçün bu rəqəm 789 və 108 idi”, – nəşr bildirib.
Ukrayna ordusunun keçmiş zabiti, Ali Radanın Milli təhlükəsizlik komitəsi sədrinin müşaviri İvan Stupak qeyd edib ki, bu, hazırda Rusiya üçün əsl problemdir.
“Son beş ay ərzində Rusiya köhnə, sovet dönəminin 50-60-cı illərinin artilleriyasından fəal şəkildə istifadə edir. Belə silahlar çox qısa məsafədən atəş açır, lakin Rusiya ordusunun onlardan istifadə etməkdən başqa çarəsi yoxdur. Rusiyanın artilleriya ehtiyatları tamamilə tükənib”.