Ukrayna öldürə bilər, biz həbs edə bilmərik?

Ukrayna öldürə bilər, biz həbs edə bilmərik?

Qərbdə və Rusiyada bəzi media orqanlarında keçmiş qondarma rejimin geydirmə “liderlərinin” Azərbaycan dövləti tərəfindən beynəlxalq və milli hüquq normalarına uyğun olaraq həbs edilməsini qınamağa çalışan yazılar olur. Rusiyanı bildik – bütün müqavimət və mane olmaq cəhdlərinə rəğmən Azərbaycanın onların onillərlə istifadə etdiklərini həbs etməsindən, Kremlin qurduğu oyunları indi həbs edilənlərin etiraf etmələrindən narahatdır; yaxşı, bəs Qərb mediasına, onların bəzi siyasətçilərinə nə gəlib?!

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Ukrayna haqq və azadlıq savaşı verir, Rusiyanın işğal etdiyi və illərdir separatizm bəlasını yaydığı bölgələrə təyin etdiyi və ya guya “seçilmiş” kimi görünən Kreml adamlarını heç həbs də etmir, istənilən üsullarla məhv edir – Qərb mediası bunu alqışlayır, Kiyevin addımlarını haqlı sayır, buna sözüm yox, düz edir; yaxşı, eyni Rusiyanın onillərlə dəstəklədiyi və təyin edib qoruduğu separatçıları Azərbaycan həbs edəndə niyə narahat olanlar tapılır ki?!

Hər görüşdə, onlarla hər müzakirədə bu məsələləri qabardırıq – bəzi Qərb dairələrinin davranışları, ritorikası Cənubi Qafqazda sülhə mane olur, Kremlin çörəyinə yağ sürtür, ikili standarlar olduğu fikrini Azərbaycan cəmiyyətində yayılmasına səbəb olur, bu isə məmləkətimizin Avropa və Qərb insitutları ilə yaxınlaşmasına maneçilik yaradır, ölkədə AB ilə strateji əməkdaşlıqdan yana olan siyasi qüvvələrin hekayəsini zəiflədir”, – o bildirib.

N.Cəfərli qeyd edib ki, sepatarizm, Ermənistanın Rusiyanın onillərlə dəstəyi ilə apardığı işğalçılıq siyasəti “haqq-ədalət”, “demokratiya davası” deyildi axı – sırf işğal, torpaq zəbti davası idi:

“İndi Azərbayan Ordusu bu məsələni özü çözdü, Ukraynaya Qərb böyük dəstək göstərir, doğru edir, amma biz köməksiz, öz gücümüzə separatizm bəlasının kökünü qazdıq, Rusiya və Sovet imperiyasının basdırdığı minanı təmizləyən ilk, hələ ki, yeganə ölkə olduq, bundan başqa post-sovet məkanında (Baltikyanı ölkələr xaric) NATO ölkəsi ilə qarşılıqlı ərazi bötövlüyünün qorunması, ordularımızın birgə davranması ilə bağlı müqaviləsi olan yegənə ölkə olduq. Bunu görməyənlər, dəyərləndirməyənlər siyasətdən bixəbərdir!”

Teqlər: