Ukraynada müharibə başlayandan sonra həm bu ölkədən, həm də
Rusiyadan geri qayıdan azərbaycanlıların sayının artması Bakıda
kirayə mənzil bazarında qiymətlərə təsir edib.
Bunu Trend-ə
açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
“Ukrayna və Rusiyadan Azərbaycana gələnlərin sayının çoxalması
kirayə mənzil bazarında canlanmaya səbəb oldu, kirayə mənzil
bazarında tələbat yüksəldi. İlin əvvəlindən bu günə qədər kirayə
evlərin qiymətində 10% artım var”, – E.Azadov deyib.
Onun sözlərinə görə, hazırda ali məktəblərdə dərslər yekunlaşmaq
üzrədir. Kirayədə yaşayan tələbələr dərs ilini başa vurub
paytaxtdan rayonlara dönürlər.
“Belə olduqda kirayə mənzil bazarında kifayət qədər mənzil boş
qalacaq. Bu da kirayə mənzillərin ucuzlaşmasına səbəb olacaq.
Qiymətlərin düşməsi avqustun 15-nə qədər davam edəcək. Yeni dərs
ilinin başlamasına az qalmış tələbəblərin paytaxta qayıdışı ilə
yenidən qiymətlərin qalxması gözlənilir”, – E. Azadov
vurğulayıb.