Ukrayna hökuməti maliyyə yardımı üçün bütün beynəlxalq
təşkilatlar və ölkələrlə danışıqlar aparır.
Trend xəbər verir ki, bunu gündəlik müraciətində Ukrayna baş
naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, Avropa İnvestisiya Bankı Ukraynaya yardım
üçün digər layihələrdən 639 milyon avronun yönləndirilməsinə
razılıq verib və Nazirlər Kabineti bunun üçün artıq lazımi
sənədləri qəbul edib. Həmçinin, Maliyyə Nazirliyi artıq hərbi
istiqrazların ilk buraxılışını keçirib və ikinci buraxılışını
planlaşdırır.
“Yüzlərlə xarici şirkət Rusiyada istehsal sahələrini bağlayır və
məhsullarının satışını qadağan edir. Bu ölkə bütün cəbhələrdə
uduzsa da, biz tez bir zamanda müharibə iqtisadiyyatına
keçməliyik”, – hökumət başçısı bildirib.
Şmıqal qeyd edib ki, bu, ehtiyacların dəqiq planlaşdırılmasını
nəzərdə tutur, dövlət kritik ehtiyacları ödəmək üçün artıq
müəssisələrə dövlət sifarişləri verməyə başlayıb.
“Söhbət təkcə silahlardan getmir, yemək, dərman, yanacaq və s.
Biz ölkəni lazım olan hər şeylə təmin etməyə borcluyuq. Artıq
hökumət bəzi sosial əhəmiyyətli malların və onların istehsal
olunduğu xammalın ixracına məhdudiyyətlər qoyub, ərzaq
təhlükəsizliyinə nəzarət hazırda İqtisadiyyat Nazirliyinin
prioritet istiqamətlərindən biridir.
Müharibə başlayandan bəri çoxları evlərini, işlərini,
əmanətlərini itirib, ancaq Ukraynanın müdafiəsinə qalxdı. Bu gün
dövlət onları dəstəkləyir. Prezidentin tapşırığı ilə yenilənmiş
“E-podtrimka” proqramı gələn həftədən fəaliyyətə başlayacaq. Bu
proqram çərçivəsində müharibə nəticəsində işini itirən hər bir
işçi, hər bir fərdi sahibkar 6,5 min qrivna ala biləcək”, – baş
nazir əlavə edib.