Ukrayna digər dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra
Rusiya ilə danışıqlar masasına otura biləcək.
AzerTimes-ın məlumatına görə, bunu CBS telekanalına müsahibəsində
Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“İndi bizi real zəmanətlər maraqlandırır. Ola bilsin ki, beş
qarant ölkə, bəlkə də üç… Ukraynanı qorumaq fəaliyyətini
göstərəcəklər. O zaman biz Rusiya ilə danışıqlar masası arxasına
əyləşə biləcəyik və yalnız bundan sonra Rusiya ilə bu dialoqun
nədən ibarət olduğu bəlli olacaq”, – deyə V.Zelenski bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik təminatları Ukraynanı
dəstəkləyən dövlətlər tərəfindən təmin edilməlidir. Ukraynaya qarşı
təcavüz olarsa, təhlükəsizlik şərtləri “bu təminatçı dövlətlər
arasında razılaşdırılmalıdır”.
V.Zelenski qeyd edib ki, Ukrayna heç bir blokda olmayacaq,
qeyri-nüvə, neytral statusa sahib olacaq, eyni zamanda Avropa
İttifaqına üzv olacaq.
Ukrayna prezidenti vurğulayıb ki, bunlar silah, insan faktoru,
sanksiyalar siyasəti və qabaqlayıcı cavabın olduğu güclü hüquqi
təminatlar olmalıdır. Onun sözlərinə görə, sanksiyalar vacibdir,
lakin təcavüzü dayandıra bilmir: “Əgər sabah yenidən müharibə
başlasa və yalnız sanksiyalar tətbiq edilsə, deməli, bu heç nə
demək deyil”.
V.Zelenski qeyd edib ki, bu günə qədər Ukrayna hələ heç kimdən
belə zəmanət almayıb, lakin zəmanətin olması vacibdir.