Dünya mediası səs-küylə insanları idarə edirlər, hay-küylə qiymət qaldırır, dünya əhalisi də bunun əziyyətini çəkir: Artıq 2 aydır ki, dünyada ərzaq buğdası “böhranından”, aclıqdan danışırlar, Ukraynanın Rusiyanın bu ölkəyə təcavüzündən dolayı buğda sata bilməməsini səbəb kimi göstərirlər.
AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qidalıq ərzaq qıtlığı və Ukraynadan ixrac problem ətrafında yaranan qalmaqalla bağlı qeyd edib.
O bildirib ki, Rusiyanın işğalçı siyasəti, Ukraynaya hücumu dünyanın ərzaq bazarına və logistik marşrutlara ciddi təsir edib, amma bu, dünyada mövzunu qızışdıraraq təşviş yaymağa, qiymətləri artırmağa əsas yaratmır:
“Dünyada hər il 760 milyon ton buğda (əmtəəlik, yəni, un istehsalı üçün) istehsal olunur, Ukraynanın isə cəmi 20 milyon ton taxılı var ki, bunu bazara çıxarda bilmir, Rusiya mane olur. Yəni Ukraynanın dünya taxıl istehsalındakı payı 2%-ə yaxındır. Belə çıxır ki, həmin o 2%-ə görə dünya ac qalacaq?!
Bu təşviş, dünya mediasının yalançı hay-küyü sadəcə qiymətləri yüksəldir: 2019-cu ildə buğdanın tonu 170-190 dollar arası idisə, bu gün 400-450 dollar arasındadır və bu qiymət kasıb ölkələrin təchizatına zərbə vurur, yəni taxılın fiziki azlığı deyil də, qiymətlərin yüksək olması məhz Afrika və Asiyanın kasıb ölkələrində aclıq təhlükəsini artırır.
Dünyada hər şeyi, ən qorxulu, təhlükəli, vacib mövzuları belə piara çeviriblər, araşdırmadan, rəqəmlərə baxmadan təşviş “əkirlər”, rəqəmlər isə insanlardan fərqli olaraq, heç vaxt yalan danışmır”.