Vladimir Jirinovski illər boyu Kreml sahibinin danışan dili kimi çıxış edib, Rusiya prezidentinin hədəflərini səsləndirib, daha sonra bunların reallaşması üçün “addımlar” atılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Krımın ilhaqı və bu il Ukraynaya qarşı başlanan işğalçı müharibə bunun nümunəsidir:
“Ölən Jirinovskinin yerini Putinin dostu Dmitri Medvedyev doldurmağa çalışır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyevin yeni açıqlaması Ukraynanın 4 ölkə (Rusiya, Polşa, Rumıniya və Macarıstan) arasında bölünəcəyi ilə bağlıdır. O bununla bağlı xəritə də yayımlayıb. Bu xəritə ilə Kreml sahibi adı çəkilən Avropa dövlətlərinə belə bir mesaj göndərməyə çalışır ki, “Rusiyaya aid ərazilər götürüldükdən sonra Siz də Ukraynadan öz payınızı qoparın”. Ukraynanın müharibədən əvvəl Avropa qonşularıyla müxtəlif məsələlərlə bağlı mübahisələri olub”.
O həmçinin qeyd edib ki, indinin özündə də Macarıstanın siyasəti Kiyevdə müəyyən suallar doğurur:
“Ancaq adı çəkilən dövlətlərin Ukraynanı parçalamaq kimi niyyətləri yoxdur, Avropada sərhədlərin təftiş olunması hamının zərərinə olduğundan heç bir dövlət Kremlin təxribatına uymaz”.