Ukrayna böhranı: qida qiymətləri arta bilər

Bu ilin 24 fevralında başlamış münaqişə yalnız geosiyasi durumun
deyil, həm də qlobal miqyasda iqtisadi vəziyyətin dəyişməsinə də
səbəb oldu. Lakin hələ Rusiya ordusu Ukrayna ərazisinə keçməmişdən
əvvəl də son bir il ərzində ərzaq qiymətlərində gözəçarpan artım
müşahidə olunurdu. Bu arada son iki ayda insanlar ərzaq
qiymətlərində böyük sıçrayışlar gördülər. Qlobal miqyasda ərzaq bir
il əvvəlkindən iyirmi faiz daha bahadır, bu ilin yanvarından isə
dünyada qiymətlər dörd faiz artıb.

Bu qiymət artımlarına müxtəlif amillər, o cümlədən nəqliyyat
xərclərinin artması, tədarük zəncirinin pozulması, habelə qarğıdalı
və buğda əmtəə qiymətlərinin artması səbəb olub.

Qılınc kəsməyəni çörək kəsər…

“Avropanın çörək səbəti” hesab olunan Ukraynadakı müharibə artıq
qısamüddətli perspektivdə ərzaq qiymətlərinə təsir edib. Ukrayna və
Rusiya qlobal buğda istehsalının təxminən 10 və 20 faizini təşkil
edir və ümumi buğda ixracının 30 faizi bu iki ölkədən gəlir.

Münaqişə nəticəsində Ukraynadan buğda ixracı dayanıb. Belə ki,
bu ölkənin Qara Dənizdəki liman qurğularının fəaliyyəti
dəyandırılıb və nəticədə 2021-ci ildə yığılan buğda məhsulunun
xaricə axınının da qarşısı alınıb. Odur ki, daha yüksək buğda
qiymətləri hamı üçün daha yüksək ərzaq qiymətlərinə
çevrilməkdədir.

Günəbaxan yalnız tum demək deyil…

Ancaq buğda və çörəyin qiymətində artım, qida və ərzaq dəyərinə
təsir edən yeganə amil deyil. Ukrayna daha bir mühüm məhsulun
ixracatçısıdır. Avropa Ukrayna günəbaxan yağının istehsalının
yarısını idxal edir. Məhz bu yağdan bişmiş, konservləşdirilmiş və
hazır qidalarda, həmçinin sousların və şorbaların hazırlanmasında
istifadə olunur. O, eyni zamanda, qənnadı məmulatlarında geniş
istifadə olunur və uşaq qidasının əvəz edilməsi çətin olan tərkib
hissəsidir.

Avropa İttifaqının bitki yağı emalçılarının çətir assosiasiyası
olan FEDIOL-un baş direktoru Natali Lekok “politico.eu” portalına
verdiyi müsahibəsində qeyd edib: “Son hadisələr açıq şəkildə
tədarük zəncirinin pozulmasına səbəb olub, çünki biz Ukrayna
günəbaxan tumunun yağının Avropaya müntəzəm tədarükündən asılıyıq.
Hazırkı vəziyyətdən olduqca narahatıq.”

Bəs bizdə vəziyyət necədir…

Veysəloğlu Şirkətlər Qrupunun distribusiya şirkəti “Veysəloğlu”
MMC duru yağların təchizatı üzrə ölkə bazarında “Sunar”, “Avedov”,
“Qidam” kimi markalarla müəyyən bir paya sahibdir. Hazırda davam
edən Rusiya-Ukrayna münaqişəsi səbəbilə istehsalatın bütün
sahələrində olduğu kimi, duru yağ istehsalında da ciddi bir sıxıntı
yaranıb. “Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar
üzrə Marketinq Departamentinin Marketinq meneceri Elmar Çəltikov
yaranmış vəziyyəti bu cür təsvir edir:

“Duru yağ qiymətlərində müşahidə olunan 30-50%-ə yaxın qiymət
artımı Azərbaycan bazarındakı qiymətlərə də müəyyən bir artımla
təsir edəcək. Biz “Veysəloğlu” MMC olaraq yarana biləcək çətinliyin
qarşısını almaq məqsədilə artıq ehtiyat tədarük etmişik. Nəzərinizə
çatdıraq ki, hazırda “Veysəloğlu” MMC tərəfindən distribusiya
olunan duru yağ məhsullarının qiymətlərində artım olmayıb, lakin
qlobal proseslərin fonunda yuxarıda qeyd olunan iqtisadi təsirlər
səbəbilə qiymətlərdə müəyyən qədər artım olacağı gözlənilir”.

Qeyd edək ki, dünyada duru yağ istehsalında böyük pay Ukrayna və
Rusiya bazarına aiddir. Yaranmış olan vəziyyətlə əlaqədar bir sıra
ölkələr müəyyən addımlar atmışdır. Məsələn, Türkiyə ölkə daxilində
yarana biləcək sıxıntının qarşısını almaq məqsədilə duru yağ
ixracatını dayandırmışdır.

Yaxşı, bəs ət necə…

Mətbəximizin vacib tərkib hissəsi olan ətin də qiymətində
dəyişiklik var. Bu da qiymətlərin qlobal miqyasda qalxmasının
qaçılmaz bir nəticəsidir. “Veysəloğlu” MMC-nin Qastronom və
dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq
meneceri Pərviz Hüseynov ölkəmizdə dondurulmuş ət məhsulları ilə
bağlı vəziyyəti belə izah edir:

“İlk növbədə vurğulayım ki, quş əti Azərbaycana ən çox
Ukraynadan idxal edilir. Münaqişənin bölgədə yaratdığı iqtisadi
çətinliklər nəticəsində tələbin təklifi keçəcəyi, bunun da
qiymətlərə təsiri gözləniləndir. Eyni zamanda, heyvan qidasının
əsasını Ukrayna və Rusiya təmin etdiyi üçün yemin və nəticə
etibarilə quş ətinin qiymətində artımın olacağı qaçılmazdır.
Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir.
Bununla yanaşı, ödəniş proseslərində müəyyən səbəblərdən
çətinliklərin yaranması ilə məhsul alışı əvvəlki qaydada həyata
keçirilməyəcək. Çünki fabriklərin əksəriyyəti ödənişləri əvvəlcədən
tələb edir və təbii ki, bu günkü vəziyyətdə Rusiya və Ukraynaya
əvvəlcədən ödəniş risklidir. Alternativ bazar olaraq, Gürcüstan,
Türkiyə və İran dəyərləndirilir. Bu ölkələrdən qeyd edilən
məhsulların idxalı istiqamətində hazırda dövlət səviyyəsində
müvafiq tədbirlər görülür.”

Şirkətimiz tərəfindən bu günkü vəziyyətdə Belarus və
Gürcüstandan tədarük üçün lazımi addımları atmışıq. Bununla bağlı
fəaliyyətimiz davam edir və müştərilərimizin məhsulla kifayət qədər
təminatı üçün çevik şəkildə daim axtarışdayıq.

Teqlər: