Ukrayna Azərbaycanlıları Radasının Baş katibi: Vətənə xidmət hansısa təşkilatın inhisarında ola bilməz

Ukrayna ən güclü Azərbaycan diasporunun olduğu ölkələrdən biridir və burada yaşayan azərbaycanlılar iki dost xalq və dövlət arasında ictimai, siyasi və mədəni əlaqələrin inkişafına, Vətənimizin təbliğinə, Ukrayna cəmiyyətinə öz töhfəsini verir. Artıq 3 ildir ki, Ukraynadakı soydaşlarımız və diaspor təşkilatlarının böyük bir qismi Ukrayna Azərbaycanlıları Radasının (UAR) çətiri altında birləşir. UAR tarixin ən çətin sınaqlarında – pandemiya dönəmində azərbaycanlılara maddi-mənəvi dayaq olub, Vətən müharibəsində Ukrayna ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında böyük xidmətlər göstərib. Təşkilatın fəaliyyəti və yaxın günlərdə keçiriləcək I Qurultayı barədə UAR-ın Baş katibi Ceyhun Məmmədov danışıb.

– Uzun müddət fikir ayrılıqları ilə əlaqədar bir-birinə qarşı soyuq münasibətdə olan Ukraynadakı diaspor təşkilatlarını bir araya gətirən Ukrayna Azərbaycanlıları Radasının yaranmasından təxminən üç il keçir. Təşkilatın bu müddət ərzindəki fəaliyyətini necə qiymətləndirirsiz?

– Ukraynada fəaliyyət göstərən ən böyük diaspor təşkilatlarından biri olan UAR-ın 2019-cu ildə təsis qurultayında demək olar ki, Ukraynadakı bütün diaspor təşkilatları iştirak edərək bir çətir altında birləşdilər. Bununla da Azərbaycan diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətinin əsası Ukraynada qoyuldu, ardınca isə Avropa ölkələrində yarandı. Ukraynada bir-birinə düşmən kəsilən təşkilatların bir araya gəlməsi, hətta bir təşkilatda birləşməsində Diasporla İş üzrə Dövlət Komitəsininin sədri Fuad Muradovun əməyini xüsusi vurğulamaq lazımdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə tərəflərlə aparılan davamlı danışıqların nəticəsi olaraq təşkilatların birliyinə – Ukrayna Azərbaycanlıları Radası təsis edilməsinə nail olduq. UAR təsis olunandan sonra ilk və ən çətin sınağı pandemiya dövründə verdi. Təyyarə reyslərinin ləğv olunması, ölkələr arasında əlaqələrin kəsilməsi nəticəsində təkcə Kiyevdə çarəsiz qalmış 700 nəfər azərbaycanlıya təşkilat olaraq sahib çıxdıq, eyni zamanda işi bağlanan, köməyə ehtiyacı olan 1500 ailəyə maddi-mənəvi dəstək göstərdik. Bu çətin işin öhdəsindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, birgə əməkdaşlıq və birliyimiz sayəsində gələ bildik.

– Vətən müharibəsi dövründə də UAR yerli ictimaiyyətin məlumatlandırılmasında ciddi işlər gördü…

– Bəli, pandemiyadan sonra təşkilatın fəaliyyətində ən vacib dönəm Azərbaycan torpaqlarının azadlığı uğrunda apardığı şanlı mübarizənin təbliği ilə bağlı oldu. Məhz buradakı soydaşlarımızın da apardığı təbliğat kampaniyasının nəticəsində Ukrayna ictimaiyyəti Vətən müharibəsi dövründə birmənalı olaraq Azərbaycanın yanında oldu. Bu işdə UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadovun əməyini xüsusi qeyd etmək istərdim. Ukrayna ictimaiyyətinin Azərbaycan həqiqətləri uğrunda birləşməsində, iki ölkə arasında dostluq əlaqələrinin inkişafında bu insanların və UAR-ın əməyi göz qabağındadır. Müharibədən sonrakı dövrdə də ukraynalı deputatların Azərbaycana, azad olunmuş ərazilərimizə səfəri və digər məqamlar Ukrayna ictmaiyyətinin bu məsələyə həssas münasibətini göstərən faktlardı. Çox təəssüf ki, UAR-ın daxilindəki birlik, Dövlət Komitəsi ilə faydalı əməkdaşlıq zaman keçdikcə müəyyən insanlarda qısqanclıq hissləri yaratdı. Bir qrup diaspor nümayəndəsi təşkilatın işinə mane olmağa cəhd etdiyi üçün onlar İdarə Heyətinin qərarı ilə UAR-dan uzaqlaşdırıldı.

– Həmin təşkilat və diaspor nümayəndələri pandemiya ilə mübarizədə, Vətən müharibəsi zamanı ölkəmizin maraqlarının müdafiəsi işində nə dərəcədə fəallıq göstərirdi?

– İstər pandemiya, istərsə də müharibə dövründə UAR-da təmsil olunan təşkilatlar, diaspor üzvləri yumruq kimi birləşərək öz vaxtını, enerjisini, pulunu bu işlərə sərf etdilər, orduya, YAŞAT Fonduna, YAŞAT Marafonuna xeyli vəsait köçürdülər. Bu işdə UAR həmsədri, iş adamı Oleq Krapivinin təşəbbüsünü, əməyini xüsusi qeyd etmək istərdim. Məhz bu fəallıq nəticəsində xaricdən göstərilən yardımların həcminə görə Ukraynadakı diasporumuz ilk beşlikdədir. Yenə də təəssüflə demək istəyirəm ki, bu işdə yanımızda ola bilməyənlər, xeyirxahlıq rəqabətində geri qalanlar irəli keçməkdənsə, ayrılmaq yolunu seçdi. Yəni milli maraqların müdafiəsində geri qalanlar bu qüsuru ört-basdır etmək üçün təşkilatdan ayrılmaq, süni problemlər yaratmaqla Vətən müharibəsi dövründə ən yüksək həddinə çatmış birliyimizi pozmağa çalışır.

Vətən sevgisi, Vətənə xidmət kiminsə inhisarında deyil: nə Dövlət Komitəsinin, nə UAR-ın, nə də başqa qurumların. Təəssüf ki, bəzi yazılarda, müraciətlərdə irəli sürülən iddiaları təsdiqləyən faktlar yoxdur. Yəni narazı tərəflər nə zaman ölkəmiz, Vətənimiz üçün faydalı, səmərəli bir layihə verib, əməkdaşlıq təklifi, təşəbbüsü ilə Dövlət Komitəsinə, UAR-a müraciət edib və ona baxılmayıb? Belə bir nümunə göstərilmir, çünki heç vaxt olmayıb.

Çox düzgün fikirdir ki, diaspor işi könüllülük işidir, insanlar könüllü olaraq öz vaxtını, enerjisini, pulunu Vətən üçün xərcləyir. Bir qrup insan işi yüksək səviyyədə həyata keçirir və onların birliyi yaranır. Bu fəaliyyəti yüksək səviyyədə edə bilməyənlərin də öz birliyi formalaşır. Başqa sözlə desək, Vətəni sevənlər bir, sevməyənlər də başqa bir çətir altında birləşir.

Mən bir məqamı vurğulamaq istərdim ki, ötən ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Kiyevdə böyük bir tədbir keçirdik və mən təşkilatın Baş katibi olaraq UAR-ın fəaliyyətini tənqid edən təşkilatlara, rəhbərlərə zəng edərək tədbirə dəvət etdim. Lakin onlar həmrəylik göstərmədi, tədbirə qatılmaq istəmədilər, hətta mənə irad bildirdilər ki, bizə zəng vurma.

Düşünürəm ki, insan özünü işi və uğurları ilə göstərməlidir. Öz fəaliyyəti ilə uğur qazanmayanda, başqalarının uğurlarına kölgə salmağa çalışırlar. Bu gün Ukraynadakı diasporumuzla bağlı gedən prosesləri belə qiymətləndirirəm.

UAR isə işləyir, hər bir təşkilatda olduğu kimi burada da obyektiv və subyektiv səbəblərdən problemlər mövcuddur. Kimsə daha yaxşı fəaliyyət göstərmək istəyirsə, buyursun, ortaya daha yaxşı nümunələr qoysun. Hər kəs də görsün ki, bu təşkilatlar soydaşlarımız, Ukrayna, Ukrayna-Azərbaycan dostluğu üçün daha uğurlu addımlar atır.

– Siz nə vaxtdan UAR-da təmsil olunursuz?

– Mən Oleq Krapivinin təklifi ilə 2021-ci ilin iyun ayından UAR-ın Baş katibiyən. Məsuliyyətli və şərəfli bir vəzifəni icra etdiyimin fəqrindəyəm. Bundan öncə, mən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun, Kiyev Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü idim. Ondan əvvəl isə 2008-ci ildən Ukraynada ilk böyük təşkilat – Ukrayna Azərbaycanlıları Konqresi (UAK) İdarə Heyətinin üzvü olmuşam. Təəssüf ki, indi bir çoxu bu konqresin adından açıqlamalar verir, onun fəaliyyətini öz adına çıxmaq istəyir. Amma bu düzgün deyil, çünki UAK bu gün dondurulmuş vəziyyətdədir, müəyyən hüquqi və siyasi səbəblərə görə fəaliyyət göstərmir. İndi bu cəmiyyətlərin bir qismi UAR-da təmsil olunur və təşkilatın sıraları hər il daxil olan üzvlərin hesabına daha da genişlənir.

Bu günlərdə UAR-ın Qurultayı keçiriləcək. Artıq yayılan məlumatlara görə, burada vacib qərarların qəbulu gözlənilir…

– Fevralın 12-də Kiyevdə UAR-ın hesabat-seçki qurultayı olacaq, qurumun tərkibində, strukturunda və nizamnaməsində dəyişikliklər edilməsi nəzərdə tutulub. Çünki dünya dəyişir, hər şey çox sürətlə yenilənir və üç il əvvəl qəbul etdiyimiz nizamnamə bu günün şərtlərinə cavab vermir. Bildiyiniz kimi, təşkilatımız gənclərlə işə çox böyük önəm verir. Qurultayda da gənclər, ziyalılar, iş adamları şuralarının təsis olunması planlaşdırılır.

Bundan başqa, UAR-ın tərkibi yeni üzvlərlə genişləndiriləcək, İdarə Heyətinə yeni üzvlərin qəbulu gözlənilir. Bizimlə işləmək istəyən təşkilatlar üzvlüyə qəbul olunacaq. Yeri gəlmişkən, mətbuat vasitəsilə Ukraynada fəaliyyət göstərən bütün diaspor təşkilatlarına müraciət etmək istəyirəm. UAR-la birgə fəaliyyət göstərmək, Azərbaycan, azərbaycançılıq, birliyimiz naminə çalışmaq istəyən varsa, bizə müraciət etsinlər, hələ vaxtımız var. Müraciətlərə baxılacaq və Qurultay günü həmnin təşkilatlarla Memorandum imzalanacaq.

– Ukrayna ətrafında yaranmış beynəlxalq gərginlik davam edir. Belə bir çətin vaxtda buradakı soydaşlarımız yaranmış situasiyanı necə qiymətləndirir və ümumiyyətlə, azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası hansı səviyyədədir?

Fevralın 6-da Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Bu, diasporumuz üçün də önəmli tarixdir. Bu 30 ildə azərbaycanlılar Ukraynada bir çox sahələrdə ciddi uğurlar qazanıb. Misal olaraq, ən son nailiyyətlərdən biri kimi Tokio Olimpiadasında Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovun güləş üzrə gümüş medal qazanmasını göstərmək istərdim. Ukraynanın xalq artisti Qurban Abbasov, Ukraynanın xalq rəssamı Katib Məmmədov, eləcə də tibb sahəsində tanınan Məmməd Bağırov kimi onlarla, yüzlərlə səviyyəli alimlərimiz var və onlar Ukrayna cəmiyyətinə öz töhfəsini verir. Eyni zamanda soydaşlarımız Azərbaycandan Ukraynaya investisiya cəlb olunması işində də fəallıq göstərir.

Hazırda dünya mətbuatı Ukraynada vəziyyətin gərgin olduğunu yazır, lakin heç də belə deyil, ukraynalılar öz Vətənənini qorumaq əzmindədir. Ukrayna isə Avropanın ən güclü dövlətlərindən biri olmağa namizəddir və xalqın buna böyük inamı var. Bu inamı Ukraynadakı xalqın diasporu da öz ölkəsinin insanlarına aşılamağa çalışır.

Bir məqamı qeyd etmək istərdim ki, biz – Ukraynada yaşayan azərbaycanlılar ukraynalardan daha çox vətənpərvərik. Çünki onlar Ukraynada doğulub böyüdüyü üçün Ukrayna onun Vətənidir. Amma biz Ukraynanı özümüz seçmişik, şüurlu şəkildə bu ölkəyə köç etmişik. Ona görə də biz bu dövləti qorumaqda, inkişaf etdirməkdə ən maraqlı və ürəkdən istəyən tərəflərdən biriyik.

Bu günlərdə 35 təşkilatın Forumunu təşkil etdik. BMT, AŞPA, Ərəb Liqası, Türk Dövlətləri Birliyi kimi beynəlxalq təşkilatlara müraciət qəbul olundu ki, Ukrayna xalqı sülh tərəfdarıdır və müharibə istəmir. Həmin 35 təşkilatdan biri də Ukrayna Azərbaycanlıları Radası idi.

Yeri gəlmişkən, UAR buradakı ictmai təşkilatlarla əlaqələrin qurulmasında da maraqlıdır və cəmiyyətdə insanların, ictimai təşkilatların rolunu artırmaq üçün öz töhfəsini verir.

Teqlər: