Ukrayna qaz ixracatçısı kimi Azərbaycana, alıcı kimi isə Slovakiyaya Rusiya qazının öz ərazisi ilə Avropaya nəqlinin yeni sxemini təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə “RBK Ukrayna” mənbələrə istinadla məlumat yayıb.
Müzakirə olunan sxemə əsasən, qaz Ukraynanın yeraltı anbarlarında saxlanılacaq və sonra Slovakiyaya və ya digər ölkələrə tədarük ediləcək. Belə tədarüklər tranzit kimi deyil, qazın təkrar ixracı kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, qazın sahibi əvvəlcə onu anbara vura, sonra isə bazarın vəziyyətinə uyğun olaraq qərar verə bilər.
Məsələn, Azərbaycan bu sxemdən istifadə edərsə, Avropa Birliyi ölkələrinin ehtiyaclarından və bazar şərtlərindən asılı olaraq birjada və ya müqavilələr əsasında qaz sata biləcək.
Həmçinin qeyd olunur ki, Ukrayna öz ərazisi ilə qaz nəqlinin davam etdirilməsi üçün təhlükəsizlik şərtləri qoyub. Bu cür tədarüklər o zaman mümkündür ki, Azərbaycan və ya Slovakiya Rusiya ilə qaz nəqli sisteminin obyektlərinin atəşə tutulmasının qarşısını almaq üçün razılığa gəlsin.