Ukrayna Azərbaycan neftinin “Drujba” kəmərinin cənub qolu ilə tədarükündə maraqlıdır

Xəbər - Ləman Zeynalova – Trend:

Ukrayna Azərbaycan yüngül neftinin “Drujba” neft kəmərinin cənub qolu ilə Mərkəzi və Şərqi Avropa ölkələrinə tədarükündə maraqlıdır.

Bunu Trend-ə Ukrayna Energetika Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hazırda avropalı hədəf istehlakçılar öz müəssisələrinə neft tədarükünün şaxələndirilməsi üzrə qəti addımlar atır, bu isə xammal nəqli bazarında rəqabəti kəskin artırır:

“Bu konyunkturu nəzərə alsaq, “Ukrtransnafta” şirkəti Xəzər regionundan yüngül neftin Aİ bazarına Odessa-Brodı və “Drujba” neft kəməri sistemləri vasitəsilə nəqlinin təşkil olunması üçün potensial iştirakçılarla danışıqları davam etdirir. Ukraynanın neft-nəqliyyat sistemi “Drujba” neft kəməri ilə ildə iki milyon tonadək yüngül neftin nəqlinin təmin olunması üçün kifayət qədər texniki imkanlara malikdir. Neft kəmərinin Ukrayna hissəsindəki iki qoldan birinin sırf yüngül neftin nəqli üçün ayrılması təqdirində mövcud texniki imkanlar ildə beş milyon tonadək xammalın nəqlini təmin edə biləcək”.

Nazirlikdən bildiriblər ki, layihə çərçivəsində başlıca maraqlı tərəflərlə görüşlər keçirilib, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə, eləcə də Çexiyanın MERO və “Unipetrol” şirkətləri ilə niyyət protokolları imzalanıb:


“İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiyası çərçivəsində tərəflər layihənin reallaşdırılmasında maraqlarını dəfələrlə təsdiqləyib. Bu layihənin əsas üstünlüyü yeni neft kəmərlərinin tikintisinə zərurət olmamasıdır. Bu, mövcud neft-nəqliyyat infrastrukturunun və sərbəst tranzit buraxılış gücünün istifadəsini nəzərdə tutur”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: