ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)

Mayın 5-də Ümumdünya Gömrük Təşkilatının rəhbərliyi, Şura sədri və müavinlərinin iştirakı ilə onlayn formatda görüşü keçirilib.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə və təşkilatın region üzrə sədr müavinlərinin iştirak etdiyi tədbirdə ÜGT-nin 2021-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyasının 84-cü və Şuranın 138-ci sessiyalarının gündəliyi, iclasın formatı barədə müzakirələr aparılıb.

Görüşdə təşkilatın Avropa Regionuna rəhbərlik edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib. İsmayıl Hüseynov ÜGT-nin Avropa Regionu üzv dövlətlərinin gömrük orqanları arasındakı əməkdaşlıq məsələləri və sessiyalara hazırlıq prosesində görülən işlərdən danışıb, eləcə də sessiyaların gündəliyi ilə bağlı fikirlərini bildirib.
Xatırladaq ki, ÜGT-nin Siyasi Komissiyasının 84-cü sessiyası iyunun 21-23, Şuranın 138-ci sessiyası isə iyunun 24-26 tarixlərində onlayn formatda keçiriləcək.

Teqlər: