UEFA Türkiyənin “Fənərbağça” klubuna intizam işi açıb.
AzerTimes xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.
Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran kiyevlilər növbəti mərhələyə yüksəlib.