Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkarma mərasimi keçirilib.
Monakoda təşkil olunmuş təntənəli tədbirdə Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan Qarabağın da rəqibləri müəyyənləşib.
Ağdam komandası C qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma” (İtaliya) klublarına rəqib olub.
Püşkü İtaliya Romasının əfsanəvi kapitanı Françesko Totti və Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko çəkib.
UEFA-nın Yarışlar üzrə Departamentinin rəhbəri Corco Marketti çıxışında “Qarabağ”ın ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə yüksəldiyini vurğulayıb.
İlk turun oyunları sentyabrın 12-13-də keçiriləcək. Sonrakı turlar sentyabrın 26-27-də, oktyabrın 17-18-də, 31 oktyabr – 1 noyabrda, noyabrın 21-22-də və dekabrın 5-6-da keçiriləcək.