Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) polis, hakimiyyət
orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar
Liqasının finalı ətrafındakı iğtişaşlarla bağlı vəziyyəti təcili
şəkildə qiymətləndirəcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.
“Oyun ərəfəsində saxta bilet alan minlərlə azarkeş turniketlərin
qarşısını kəsib. Bu, izdihamlı azarkeşlərin içəri girməyə
çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənar
insanların sayı artmağa davam etdiyi üçün polis onları gözyaşardıcı
qazla dağıtdı və stadionu tərk etməyə məcbur etdi. UEFA təcili
olaraq Fransa polisi və hakimiyyət orqanları, eləcə də Fransa
Futbol Federasiyası ilə bu məsələləri qiymətləndirəcək”, – deyə
mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, ötən gün Parisdə İngiltərənin “Liverpul” və
İspaniyanın “Real” klubları arasında Çempionlar Liqasının final
matçı stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı
problemlər səbəbindən 37 dəqiqə gec başlayıb. Qarşılaşma “Real
Madrid”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.