Uçuşlar və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar dəyişib

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.

AzerTimes xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar:

– uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər;

-reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər;

-hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin (bundan sonra – Bəyannamə) paylanmasını təmin edirlər və Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirlər.

Sərhəd nəzarətindən keçərkən arayışı bu Qaydaların tələblərinə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır. Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.

Bundan əvvəl Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılırdı. Eyni zamanda Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan Respublikasının və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərdi.

Teqlər: