Dünya ölkələri iqlim böhranının öhdəsindən gələ bilmir. Son il ərzində bu sahədəki qlobal hərəkətlər dayanıb, milli iqlim planlarında isə son elmi məlumatlar nəzərə alınmır.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ekspertlərinin yeni hesabatında bildirilib.
Hesabatda beynəlxalq birliyin hələ də qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa və iqlim fəlakətinin qarşısını almağa imkan verəcək adekvat tədbirlər görmədiyinə dair sübutlar təqdim olunub.
“Cari milli planlara görə, 2030-cu ilə qədər qlobal istixana qazları tullantıları 2010-cu ilin səviyyəsi ilə müqayisədə 9 faiz artacaq. Eyni zamanda, elmi məlumatlar son dərəcə aydınlıqla bunu göstərir: qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq istəyiriksə, bu onilliyin sonuna qədər tullantılar 2010-cu ilin səviyyəsi ilə müqayisədə 45 faiz azalmalıdır”, – BMT-nin Baş katibi Antonio Quterreş hesabatın dərc edilməsi ilə əlaqədar vurğulayıb.
Quterreş qeyd edib ki, iqlim xaosu daha böyük miqyasda daşqın, yanğın və quraqlığa səbəb olmaqla bütün dünyaya zərər vurduğuna görə, görülməsi vacib olan hərəkətlər və real hərəkətlər arasında uçurum getdikcə daha təhlükəli olur.