Üçtərəfli görüşdə Lavrov bu sözü işlətmədi – Video

Üçtərəfli görüşdə Lavrov bu sözü işlətmədi – Video

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü öncəsi Rusiya XİN başçısı Sergey Lavrovun köməkçisinin ona xəbərdarlıq edərək, “keçmiş DQMV” ifadəsinin azərbaycanlılara (Azərbaycan nümayəndə heyətinə) xoşuna gəlməyəcəyini deməsi mikrafonun açıq qalması səbəbindən ictimailəşmişdi.

AzerTimes xəbər verir ki, üçtərəfli görüş öncəsi bu xəbərdarlıqdan sonra çıxış edən Sergey Lavrov bir dəfə də olsun nəinki “keçmiş DQMV”, hətta “Dağlıq Qarabağ” sözündən də istifadə etməyib.

Üçtərəfli görüşdən sonra mətbuata geniş açıqlamasında da Lavrov Qarabağın adını dəfələrlə çəksə də, “dağlıq” sözünü işlətməyib (Video təqdim edilir).

Qəribədir ki, Rusiyanın dövlət agentlikləri (və təbii ki, erməni mediası) Sergey Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə ediblər və “Dağlıq Qarabağ” yazıblar.

Xatırladaq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, 44 günlük müharibədəki qələbədən sonra Qarabağ iqtisadi rayonu rəsmiləşib. “Dağlıq Qarabağ” ifadəsi münaqişənin olduğunu xatırladan siyasi termin kimi istifadə edilir ki, bu da münaqişənin artıq keçmişdə qaldığını elan edən Azərbaycanın siyasi mövqeyinə qətiyyən uyğun deyil.

Teqlər: